Münaqişənin həll formatı: Rayonların 5+2 formatında boşaldılması prosesi başlayacaq - ŞƏRH

“Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ərəfəsində Fransa prezidenti Makronun dövlət başçısı İlham Əliyevə zəng etməsi fransızların danışıqların gedişindən narahat olması ilə əlaqədardır”. Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədri, politoloq Vasif Əfəndiyev deyib. 

Ekspertin sözlərinə görə, son bir ildə Ermənistan tərəfinin davranışları birmənalı olaraq problemin həllinin qarşısını almaqdan ibarət olub: 

“Münaqişənin indiyə qədər əldə olunan və təklif olunan hər hansı variantda həlli mümkün olarsa, istənilən halda işğal olunmuş rayonların 5+2 formatında boşaldılması prosesi başlayacaq. Lakin Ermənistanın siyasi hakimiyyəti münaqişənin həllində sadəcə bəyanatlarla pozuculuq etmirlər, həm də Kəlbəcər və Laçın rayonlarında böyük masştablı infrastruktur yaratmaqla məşğul olurlar. Bu da onu deməyə əsas verir ki, Ermənistan danışıqları iqnor edir və mövqelərini saxlamağa çalışılar. Azərbaycan ictimaiyyətində və siyasi hakimiyyətdə bu məsələ artıq qırılma nöqtəsindədir. Yaxın zamanlarda proses həll fazasına keçməzsə, genişmiqyası hərbi əməliyyatların başlaması qaçılmaz olacaq. Qərb və Avropa Birliyi ölkələri, o cüməldən Fransa, Cənubi Qafqazda sabitliyin davam etdirilməsinin tərəfdarıdır. Bu ilk növbədə Avropa ölkələrinin öz maraqları ilə uzlaşır. Avropanın enerji təhlükəsizliyi Azərbaycanın sabitliyindən keçir. Makronun danışıqlara maraq göstərməsi yaxşı hal olsa da, prosesə təsir edəcəyini  düşünmürəm”. 



Politoloq: “Yaxın zamanlarda proses həll fazasına keçməzsə, genişmiqyası hərbi əməliyyatların başlaması qaçılmaz olacaq”


Analitik bildirib ki, Ermənistan Rusiyanın razılığı olmadan heç bir sülh sazişinə imza atamayacaq: 

“Azərbaycan tərəfi Avropa Birliyi ilə yaxınlaşmaq məsələsində ehtiyatlı davranır. Lakin Azərbaycanda gedən proseslər bizi Avropaya daha da yaxınlaşdıracaq. Ermənistanın arxasında dayanan güc bizə məlumdur. Bizim də başqa seçimimiz qalmazsa, hərbi dəstək üçün hüquqi baza yaradacağıq”. 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron yanvarın 29-da Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Söhbət zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib, hər iki tərəf əlaqələrin inkişafından məmnun olduqlarını bildirib, iqtisadi sahədə əməkdaşlığın genişləndiyi vurğulanıb. Eyni zamanda dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri də müzakirə ediblər.