Ölkəyə toz-duman gəldi: Miqdar normadan artıqdır

Ölkə ərazisində toz-dumanı müşahidə olunur.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, yanvarın 31-də gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib:

“Hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur. Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz-dumanının daxil olmasıdır. Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur”.

“Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək”, - deyə məlumatda qeyd edilib.