Araz Aslanlı: “Deputatlığa namizəd öz dairəsini yaxşı tanımalıdır”

“Azərbaycanda parlament seçkiləri majoritar sistemlə keçirilir. Bu, o deməkdir ki, namizəd seçki dairəsinə sıx bağlı olmalıdır”. 

Sherg.az-ın xəbərinə görə, bu barədə 66 saylı Biləsuvar seçki dairəsindən deputatlığa müstəqil namizəd Araz Aslanlı deyib. 

A.Aslanlının sözlərinə görə, namizəd öz dairəsini yaxşı tanımalı, oradakıların arzularına, problemlərinə bələd olmalıdır: 

“Yaxşı olar ki, o arzular həm də namizədin arzuları olsun. Namizəd problemləri öz problemləri kimi hiss etsin. Bizdə hansısa namizəd, hətta o dairədən 10 ildir deputat olan şəxs seçicilərlə görüşə gedərəkən “sizin rayona qonaq gəlmişəm” deyir. Çünkü heç bir əlaqəsi olmayan rayondan namizəd olur. Təəssüf ki, çoxu da seçildikdən sonra bir daha o rayona getmir. Həmin rayona “istifadə etdiyi” ərazi kimi baxır. Bəziləri də rayonda sevilmədiklərini bilir, hətta bu səbəbdən o rayona nifrət edirlər. Biz həm də bu halların dəyişməsi üçün çalışırıq”.