Nazirlərin görüşü: Sülh sazişi imzalamadan “xalq diplomatiyası” faydalı olmayacaq - ŞƏRH

“ATƏT-in Minsk Qrupu həmsədrlərin yeni planı yoxdur”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.  Lakin ekspert bildirib ki, xarici işlər nazirlərin budəfəki görüşü fərqli idi: 

“Həmsədrlərin vasitəçiliyi ilə görüş iki gün çəkdi. Birinci gün nazirlər arasında danışıqlar 7 saat oldu. İkinci gün danışıqlar 4 saata yaxın çəkdi. İkincisi, həmsədrlər görüşün nəticəsi ilə bağlı bəyanatda danışıqların mahiyyəti ilə bağlı heç nə açıqlamadılar. Bəyanatda sadəcə, “xalq diplomatiyası”nın gücləndirilməsi vacibliyi bildirildi. Yəni, Xarici İşlər nazirlərinin görüşündən ciddi nəticə çıxdığını söyləmək mümkün deyil. Nazirlər hansısa detalları müzakirə ediblər. Ancaq bu detallar danışıqların nəticəsinə təsir etmir. Sülh sazişi imzalamadan “xalq diplomatiyası” faydalı olmayacaq. Çünki “xalq diplomatiyası” çərçivəsində Azərbaycanın və Ermənitanın ictimai fəalları, jurnalistləri və siyasi ekspertləri illərdir görüşürlər. Nəticə yoxdur”. 



Elxan Şahinoğlu: “Həmsədrlər xarici işlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyin azalmasına çalışırlar”


Siyasi şərhçi xatırladıb ki, xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı ilə keçən ilin dekabr ayında Bratislavada görüşmüşdü. E.Məmmədyarov görüşdə nəticə olmadığını bildirmişdi: 

“Dekabr ayından bir ay keçib. Bu müddətdə Ermənistan hakimiyyətinin mövqeyində heç bir dəyişiklik baş verməyib. Ona görə də, nazirlərin İsveçrədəki görüşündə nəticə əldə oluna bilməzdi. Bundan başqa nazirlər İsveçrədə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağa gəldi, işğal altındakı Kəlbəcərdə oldu. Bu bir daha o deməkdir ki, Nikol Paşinyan Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağı düşünmür. Həmsədrlərin məqsədi bölgədə sakitliyi qorumaqdır. Həmsədrlər xarici işlər nazirlərini mütəmadi görüşdürməklə gərginliyin azalmasına çalışırlar. Ancaq danışıqlar nəticə vermirsə, bölgədə gərginlik və sualların sayı azalmayacaq”.