“Tərtərçayı qoru, Qarabağı qoru!" – Petisiyaya dəstək verməliyik

“Tərtərçayı qoru, Qarabağı qoru!" adlı petisiya başlayıb. Petisiyanı Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının beynəlxalq əlaqələr şöbəsinin mudiri Aybəniz İsmayılova başladıb.

O bildirib ki, Ermənistan çay boyunca yaşayan minlərlə insanın həyat mənbəsi olan su resurslarından sui-istifadə etməyə son qoymalıdır, bu insan hüquqlarının kobud pozuntusudur.

Məsələ ilə bağlı fikrilərini Sherg.az-la bölüşən politoloq Natiq Miri petisiyanın effektiv olacağını düşünmür:

“Bu petisiyanın Qarabağ probleminin həlli ilə bağlı hansısa nəticələrə gətirib çıxaracağını iddia etmək mümkün deyil. Çünki ən böyük amil Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsidir. Dünya ictimaiyyəti, bütün beynəlxalq sturukturlar, dünya gücləri, BMT-nin mandatı və ATƏTİ-in Minsk qrupunun həmsədr dövlətləri 27 ildir bu prosesə, ədalətsizliyə dözürsə, bir petisiyanın hansısa siyasi nəticələr doğuracağı mümkün deyil. Lakin hər bir halda Azərbaycan vətəndaşı olaraq belə petisiyanı təşkil etmək və beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın nə qədər terrorçu ölkə olduğuna cəlb etmək müsbət haldır. 



Politoloq: “Bu, bütövlükdə 50 milyona yaxın azərbaycanlıların işidir”


Ona görə də təkcə petisiya ilə əlaqədar deyil, eyni zamanda bütün Azərbaycan vətəndaşlarının bu yöndə konkret fəaliyyət göstərməsini arzu edərdim. Çünki Dağlıq Qarabağ problemi yalnız dövlətin, hakimiyyətin və yaxud hansısa icmaların işi deyil. Bu, bütövlükdə 50 milyona yaxın azərbaycanlıların işidir. Ona görə də bu yöndə istənilən təşəbbüs təqdirəlayiqdir. Hətta nəticələri kiçik olsa belə, bu cür işlərin görülməsi yaxşı haldır. Çünki ermənilərin əsl niyyəti nə qədər çox ifşa olunsa, beynəlxalq ictimaiyyətdə bizim mövqeyimiz bir o qədər möhkəmlənər”.