Müasir təhsilin tələbləri-Fotolar


Təhsil Nazirliyi tərəfindən reallaşdırılmış respublika üzrə "Pedaqoji Mühazirə"lərin qalibi, əməkdar jurnalist İbrahim Rüstəmovla Xətai rayon 86 saylı orta məktəbin məllimlərinin görüşü keçirilib.  
"Sherg.az"xəbər verir ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Cavid Əliyev açıb və özündə  qarşılıqlı təcrübə mübadiləsini ehtiva edən görüşlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, müasir təhsilimizin inkişafında təhsil işçilərinin üzərinə ciddi məsuliyyət düşür. Bu məsuliyyət ilk növbədə onların daim maariflənməsi məsələsini zərurətə çevirib. 
Sonra söz İbrahim Rüstəmova verilib. Çıxışına ünsiyyət prosesinin əsas təməl prinsiplərinə toxunmaqla başlayan qonaq uşaqlarda maraq və empatiya kimi vacib cəhətlərin inkişafından danışıb. Qeyd edib ki, hər bir müəllim dərs dediyi şagirdlərin gələcəyinə görə konkret məsuliyyət daşıyır. Bu məsuliyyət isə ilk növbədə bizdən müasir təhsil təcrübəsinin uğurlarını öyrənməyi və onların gündəlik pedaqoji fəaliyyətimizdə tətbiqini tələb edir.
Daha sonra təhsil professoru Çon Devey, təkamülçü alim Əli Dəmirdaş və Eduard Lorens kimi mütəxəssislərin önəmli təcrübəsindən bəhs edən natiq dünyada hələ ki, liderliyini qoruyub saxlayan Finlandiya təhsil sisteminin özəlliklərindən danışıb. Bildirib ki, fin təhsilinin ən üstün cəhətlərindən biri də uşaqlarda yaradıcı yanaşma tərzinə, öyrənmə mədəniyyətinə xüsusi önəm verilməsidir. 
Sonda məruzəçi müasir təhsil sistemimizdə əldə olunan uğurlardan və bu uğurların davamı olaraq gələcəkdə görüləcək işlərdən danışıb. Qeyd edib ki, müasir təhsil islahatları pedaqoji kollektivlərin qarşısnda geniş imkanlar açıb. Bu imkanlardan səmərəli istifadə etmək hər bir müəllimin vəzifə məsuliyyətidir.
Görüşün sonunda İbrahim Rüstəmov iştirakçıları maraqlandıran suallara cavab verib və mühazirənin təşkilinə görə məktəb rəhbərliyinə öz dərin minnətdarlığını bildirib.