“Ərə versəydim, yükdən azad olardım” - 16 yaşlı gəlinin ölümü SOS SİQNALIDIR

“Masallıda 16 yaşlı qızın ölümü Azərbaycanda valideynlərin övladlarını bədbəxt etdiyinə dair ilk hal deyil”. Bu sözləri Sherg.az-a açıqlamasında "Qadın Liderliyi" Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva söyləyib.

O bildirib ki, Azərbaycanda hər il yüzlərlə yetkinlik yaşına çatmayan qızların ailə qurma halları müşahidə edilir:

“Bəzən valideynlər bunu uşaqların üstünə atmağa çalışırlar ki, “özü istədi, getdi”. Amma valideyn başa düşmür ki, 18 yaşadək uşağın məsuliyyəti onun üzərindədir. Əgər uşaqda erkən evlilik istəyi baş qaldırıbsa, valideyn bu problemi savadlı şəkildə, övladını qarşısına qoyub başa sala-sala, lazım gələrsə, uşağın yanında nüfuzu olan şəxsləri, müəllimləri, mütəxəssisləri prosesə cəlb etməklə aradan qaldırmağa çalışmalıdır. Bizdə isə valideynlər çox asanlıqla uşaqların bu istəklərinə tabe olurlar. Digər tərəfdən, bir çox hallarda valideynlər özləri uşaqlarının tez evlənməsinə şərait yaradırlar. Onlar uşaqlarının yeniyetməlik şıltaqlıqlarına dözmək istəmir, onları evləndirməklə bir növ məsuliyyətdən azad olmağa çalışırlar”. 



Ülkər Abdullayeva: “Son illərin boşanma statistikasına baxsaz, görərsiz ki, dağılan ailələrin çoxu azyaşlı, ya da daha erkən erkən yaşlarda nikaha cəlb olunmuş insanların qurduğu ailələrdir”


Birlik sədri qeyd edib ki, Azərbaycan ailələrinin bir çoxunda xüsusilə qız uşaqlarına artıq yük kimi baxılır:

“Valideyn deyir ki, “qızı ərə versəydim, yükdən azad olardım”. Amma başa düşmür ki, o, əksinə, öz yükünü artırır. Sabah bu erkən evliliyin övladının başına gətirə biləcəyi müsibətləri hesablamır. Son illərin boşanma statistikasına baxsaz, görərsiz ki, dağılan ailələrin çoxu azyaşlı, ya da daha erkən erkən yaşlarda nikaha cəlb olunmuş insanların qurduğu ailələrdir. Ailənin, uşağın, həyat yoldaşının məsuliyyətini dərk etməyən, maddi cəhətdən öz ayaqları üzərində dayana bilməyən, heç bir peşənin, sənətin sahibi olmayan, valideynlərin himayəsi ilə dolanan yeniyetmə və gənclər evlənir. Belə ailələrin ömrü qısa, fəsadları isə böyük olur. Maariflənmədən başqa inzibati üsullar da işləməlidir. Hüquq-mühafizə orqanları azyaşlı nikahların mənşəyini araşdırmalı, ona qarşı ciddi mübarizə aparmalıdır. Övladlarını erkən evliliyə təhrik edən valideynlərə qarşı cəzalar, yüksək cərimələr tətbiq edilməlidir.



Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də üzərinə böyük məsuliyyət düşür. Onlar davamlı monitorinqlər aparmalı, nəticələrə hesablanmış deyil, baş verəcəklərin qarşısı almağa hesablanmış tədbirlər görməlidir. Məktəblər də bu işə xüsusi cəlb olunmalıdır. 14-15-16 yaşlı qız uşağı məktəbdə təhsil almalıdır, sinifdə olmalıdır, ərə getməli deyil. Məktəblərdəki psixoloqlar uşaqlarla ciddi iş aparmalıdır, onları erkən nikahlardan qaçmağa, erkən cinsi münasibətlərdən qorunmağa çağırmalıdır. Uşaqlara orta və ali, eləcə də peşə təhsilinin önəmi aşılanmalıdır. Bu uşaqlar öncə həyata hazırlanmalı, karyera qurmağa həvəsləndirilməlidir”.