Su sayğacı üçün sakinlərdən 20 manat tələb olunur? – “Azərsu”dan CAVAB

Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsində mənzillərdə su sayğaclarının dəyişdirilməsi üçün vətəndaşlardan pul istənilir.  Qəsəbə sakinlərinin sözlərinə görə, binada su sayğaclarının dəyişdirilməsinə görə hər mənzil üçün 20 manat pul istəyirlər: 

“Azərsu” binamızda su sayğaclarını dəyişir, soruşanda deyirlər ki, sayğacların dəyişdirilməsi üçün 20 manat ödəniş edilməlidir. Onun 10 manatı zəhmət haqqı, 10 manatı isə “mufta-uqolnik” puludur. “Mufta-uqolnik” pulu maksimum olsun 1-2 manat. Biz başa düşmürük, ümumiyyətlə, bütün bunlar ödənişlidir, yoxsa ödənişsiz?”



Anar Cəbrayıllı: “Su sayğaclarının dəyişdirilməsi, xəttin çəkilməsi və şəbəkəyə qoşulması ödənişsizdir, dövlət vəsaiti hesabına həyata keçirilir”


Sakinlərin suallarına cavab almaq üçün “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq.  A.Cəbrayıllı Sherg.az-a açıqlamasında bildirdi ki, belə hallarla bağlı onlara da müraciətlər daxil olur:

“Həmin ərazidə “Azərsu” işləmir, podratçı şirkətlər çalışır. Su sayğaclarının dəyişdirilməsi, xəttin çəkilməsi və şəbəkəyə qoşulması ödənişsizdir, dövlət vəsaiti hesabına həyata keçirilir. Amma məsələnin başqa bir tərəfi də var. Şəxsən özüm belə şikayətləri araşdıranda maraqlı faktlarla qarşılaşmışam.
Bəzən sakinlər deyirlər ki, su xəttini binanın çölü və ya damı ilə çəkin və ya elə edin ki, kafel zədələnməsin. Bu da tərəflər arasında sövdələşmələrə və şikayətə səbəb olur. Amma Əhmədlidə şikayət olunan ərazidə dəqiq ünvan və ya telefon nömrəsi verilsə, məsələni araşdırıb tam təfsilatı ilə məlumat vermək olar”.