Azərbaycanda məşğul qadınların çoxu kəndlərdədir: Bunun iki səbəbi var - İZAH

Aqrar Kredit və İnkişaf Agentliyinin Proqramlar və Layihələr Departamentinin rəhbəri  Leyli Ağayeva Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanla əməkdaşlıq proqramının birinci seminarı zamanı respublikadakı məşğul qadınların 70 faizinin kəndlərdə yaşadığını deyib. 

Onun sözlərinə görə, bu amil onu göstərir ki, aqrar sektorda məşğul qadınların rolunun artırılması layihəsi Azərbaycan iqtisadiyyatında fəaliyyət göstərən qadınların böyük hissəsini əhatə etməyə imkan verəcək: 

“Azərbaycanda aqrar sektor  iqtisadiyyatın prioritet sahələrindən biridir. Bu sahədə ölkə əhalisinin təxminən 40 faizi məşğuldur”.

İqtisadçı-ekspert Natiq Cəfərli məsələ ilə bağlı Sherg.az-a danışarkən deyib ki, buna təsir edən iki əsas məqam var:

“Birinci amil pay torpaqlarıdır. Azərbaycanda 850 min pay torpağı mövcuddur. Təbii ki, həmin sahibkarlar arasında qadınlar da var. Qadınlar həmin torpaqlarda kənd  təsərrüfatının müxtəlif sahələri ilə məşğul olurlar. Nəticədə həm iqtisadiyyat inkişaf edir, həm onların hər biri məşğul qadın kimi qeydiyyata alınır”.



Natiq Cəfərli: “Məşğul qadınların böyük əksəriyyətinin kəndlərdə yaşaması heç də onların cəmiyyətin ictimai-siyasi, sosial həyatında fəal rol oynamalarına dəlalət etmir”


Ekspertin fikrincə, ikinci səbəb isə bir sıra peşələrdə çalışanların böyük əksəriyyətinin qadın olmasıdır:

“Adətən qadınlar müəllimliklə, tibblə məşğul olurlar. Hər kənddə şərti olaraq  50 həkimin, bir o qədər müəllimin olduğunu nəzərə alsaq, onların 80-90 faizini qadınlar təşkil edir”.

Natiq Cəfərli belə düşünür ki, məşğul qadınların böyük əksəriyyətinin kəndlərdə yaşaması heç də onların cəmiyyətin ictimai-siyasi, sosial həyatında fəal rol oynamalarına dəlalət etmir.

Ekspertin sözlərinə görə, qadınların sosial həyatda üstünlük təşkil etməsi həmin cəmiyyətin daha stabil inkişafına zəmin yaradır:

“Qadınlar cəmiyyətin bütün sahlərində mühüm rol sahibidirlər. Bunu danmaq olmaz.  Müşahidələr göstərir ki, Avropada qadınlar daha aktivdirlər. Ancaq  bizdə qadınlar cəmiyyətin ictimia-siyasi , sosial həyatında arzuolunan səviyyədə fəal deyillər. Bunun üçün müxtəlif layihələr həyata keçirilməlidir”.