MDB müşahidə missiyasının hesabatı: Namizədlərin çox olması...

MDB müşahidə missiyası Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkilərinə hazırlıqla bağlı aralıq hesabat yayıb. Missiyanın qərargahından daxil olan hesabatda bildirilir ki, Azərbaycan Respublikası Hökumətinin dəvəti ilə MDB müşahidə missiyası Azərbaycan Respublikası Milli Məclisinə seçkilərə hazırlıqla bağlı monitorinq aparıb. Missiya 2020-ci il yanvarın 19-da işə başlayıb, seçki prosesinə müdaxilə etmədən sərbəst və müstəqil fəaliyyət göstərib, Azərbaycan Respublikasının qanunvericiliyinə, Birlik çərçivəsində qəbul edilmiş sənədlərə və dövlətin suverenliyinə hörmətlə yanaşıb.

Qeyd olunur ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası MDB-dən 252 müşahidəçini akkreditə edib, onlardan 18-i uzunmüddətli əsaslarla işləyir. Missiyaya Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, habelə MDB üzvü olan ölkələrin Parlamentlərarası Assambleyası, Belarus və Rusiya Parlament Assambleyası İttifaqı, Müstəqil Dövlətlər Birliyi İcraiyyə Komitəsinin nümayəndələri daxildir.

Seçkilərin keçirilməsi üçün Azərbaycanda yüksək səviyyədə qanunverici bazanın olduğunu vurğulayan hesabat müəllifləri seçki komissiyalarının hazırlıq səviyyəsinin də monitorinqini aparıblar.

“Seçkilərin təşkili və keçirilməsi 125 dairəni əhatə edir. Mərkəzi Seçki Komissiyası seçki kampaniyasının təşkili üzərində ardıcıl işləyir. DSK və məntəqə seçki komissiyası üzvlərinin peşə hazırlığını yüksəltmək, onların seçki kampaniyası sahəsində bilik və bacarıqlarını artırmaq üçün təlimlər keçirilir. Təlimlərdə Seçki Məcəlləsinin tələblərinin yerinə yetirilməsi, demokratik və açıq seçki prosesinin təmin edilməsi, səslərin şəffaf sayılması ilə bağlı praktiki tövsiyələr verilir”, - deyə hesabatda bildirilir.  

Həmçinin vurğulanır ki, seçki kampaniyasının monitorinqi çərçivəsində MDB-dən olan uzunmüddətli müşahidəçilər Astara, Biləsuvar, Qəbələ, Goranboy, Göygöl, Quba, Cəlilabad, Yevlax, İsmayıllı, Kürdəmir, Lənkəran, Lerik, Masallı, Oğuz, Salyan, Ucar, Şamaxı, Şəki rayonlarında, həmçinin Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərində dairə və məntəqə seçki məntəqələrinin işi ilə tanış olublar. Dairə Seçki Komissiyaları və məntəqə seçki komissiyaları üzvləri ilə əlaqə qurarkən missiya nümayəndələri lazımi məlumatları əldə edib və seçki sənədləri ilə tanış olmaq imkanı əldə ediblər.

Seçici siyahılarına gəlincə, hesabatda qeyd olunur ki, 2020-ci il yanvarın 5-dən etibarən siyahılar ümumi baxış üçün məntəqə komissiyalarının binalarında yerləşdirilib və siyahı MSK-nın saytında da mövcuddur. Seçici özü və ya digər şəxslər barədə səhvlər və ya qeyri-dəqiqliklər aşkarlandıqda bu barədə məntəqə seçki komissiyasına məlumat verə bilər.

Deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyat prosesinin monitorinqinin nəticələrinə gəlincə, qeyd olunur ki, 9 fevral seçkilərində 125 deputat yeri üçün 1325 namizəd mübarizə aparır ki, bu da 2015-ci ildə keçirilən son parlament seçkilərindən iki dəfə çoxdur. MDB müşahidəçiləri qeyd edirlər ki, deputat mandatı üçün bu qədər namizədin seçki kampaniyasında iştirakı seçki sisteminin açıqlığını, ölkədə siyasi plüralizmin və seçicilər üçün real seçim imkanlarının mövcudluğunun göstəricisidir.

Seçkiqabağı təbliğat-təşviqat mühitinin də yüksək səviyyədə olduğunu vurğalayan müşahidəçilər qeyd edirlər ki, namizədlər üçün bərabər imkanlar yaradılıb. 2020-ci il 17 yanvar tarixindən etibarən ölkənin şəhər və rayon mərkəzlərində 1900-dən çox təbliğat tədbiri keçirilib, bu tədbirlərdə 150 minə yaxın insan iştirak edib.  Deputatlığa namizədlərin seçki təbliğatı afişaları yerləşdirmək üçün respublikada 11 mindən çox xüsusi lövhə quraşdırılıb.

Seçkinin dəqiq tarixi təyin olunduğu gündən MSK-da vətəndaşları maraqlandıran sualların operativ şəkildə qaynar xətt vasitəsilə cavablandırılması, eyni zamanda, 2020-ci il 13 yanvar tarixindən etibarən Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan "Seçki-2020" Müstəqil Media Mərkəzinin fəaliyyəti də aralıq hesabatda müsbət hal kimi qiymətləndirilir.