Mirzə Xəzər timsalında "azadlıq səsimiz batdı" – Jurnalistin vəfatı kədərləndirdi

Tanınmış jurnalist və publisist-naşir,  “Azadlıq” radiosunun Azərbaycan bölməsinin baş redaktorunun sabiq müavini Mirzə Xəzər yanvarın 31-də dünyasını dəyişib. 73 yaşlı jurnalist Almaniyanın Münhen şəhərində rəhmətə gedib. Mirzə Xəzər 1987-ci ildən Almaniyada yaşayırdı. O, 1990-cı il 20 Yanvar faciəsi zamanı Azərbaycanı informasiya blokadasından xilas edərək həqiqətləri bütün dünyaya çatdırıb. 

M.Xəzər 1947-ci ildə Göyçayda anadan olub. 1973-cu ilin iyununda Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Bir il sonra SSRİ-ni tərk edərək, İsrailə mühacirət edib. 1975-1976-cı illərdə İsrail ordusunda xidmət edib. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycanda baş verən hadisələri işıqlandıran verilişlərinə görə Mirzə Xəzər işlədiyi "Azadlıq" radiosunda güclü təzyiqlərə məruz qalıb. Onun 1990-cı ilin yanvarındakı fəaliyyətini araşdırmaq üçün Vaşinqtonda xüsusi komissiya yaradılıb. Mirzə Xəzərin “Söz Uçar, Yazı Qalar” adlı ilk kitabı 2013-cü ildə Münhen şəhərində çap edilib. İkinci kitabı - “Peşman Deyiləm” adı ilə 2014-cü ilin sonunda nəşr olunub. 

Qələm dostları və ictimaiyyət nümayəndələri jurnalistin qürbətdə dünyasını dəyişməsi xəbərindən sarsılıblar. Sherg.az olaraq sosial şəbəkədə tanınmış jurnalistlə bağlı paylaşılan bəzi xatirələri və fikirləri təqdim edirik.. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov: 

“Jurnalistikadakı varlığı ilə məktəb yaratmış adamı itirdik. Xalq və millət üçün çətin və məşəqqətli dövrlərdə jurnalistikanın necə böyük qüvvə olduğunu əməli fəaliyyəti ilə sübuta yetirmiş həmkarımızı itirdik. Jurnalistika söz sənətidir. Sözü səsi ilə sənətə çevirmiş bənzərsizlik və təkrarsızlıq nümunəsini itirdik.Bəli, itkimiz böyükdür. Çünki itkimizin adı Mirzə Xəzərdir. Allah rəhmət eləsin! Qəbri nurla dolsun!”.

Telejurnalist, professor Qulu Məhərrəmli: 

“Onun səsi 20 Yanvar günlərində yaddaşımıza hopub. Bu səs sovet ordusunun Bakıda öz haqqının müdafiəsinə qalxmış Azərbaycan xalqına divan tutması barədə haray qoparır, həyəcanlı məlumatlar verir, bir xalqın azadlıq səsini radio dalğaları ilə planetə yayırdı. Onda biz “Azadlıq” radiosundan gələn bu ecazkar səsə ümid yeri kimi baxırdıq. Mirzə Xəzər dünyasını dəyişdi, amma onun əziz xatirəsi, məhrəm və doğma səsi yaddaşımızda qalacaq. Ruhu şad olsun!”. 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: 

“Qanlı Yanvardan sonra Azərbaycanın səsinə çevrilən, faciələrimiz barədə dünyaya səs salıb, Xəlil Rza demişkən, "nallı çəkməli" imperiya cəlladlarına lənətlər yağdıran, "Davam edir 37, daha kəskin, daha ciddi"deyərək həqiqətlərimizə işıq tutan böyük ziyalı Mirzə Xəzər haqqın dərgahına qovuşdu. Məkanı cənnət olsun! Azərbaycan var olduqca yaşayacaq!”. 

İnternet məsələləri üzrə ekspert Osman Gündüz: 

“1989-90-cı illərdə hər bir ailədə ya "Okean" ya da VEF radioqəbulediciləri var idi. Hamı bəlli vaxtlarda bu radioların ətrafına toplanardı. Biz bu radioların qısa dalğalarında Azadlıq radiosunu və onu, Mirzə Xəzəri axtarırdıq. Həmin illərdə Azərbaycanın haqq səsini, erməni təcavüzü və Qarabağ həqiqətlərini, milli azadlıq hərəkatı ilə bağlı məlumatları dünyaya çatdıran “Azadlıq” radiosunun Azərbaycan xidmətinin o zamankı rəhbəri Mirzə Xəzər idi. 20 Yanvar faciəsi zamanı onun səsini, sovet ordusunun vəhşilikləri haqqında onun hayrıqtısını bütün dünya dinləyirdi. O zaman Azərbaycanın "sosial mediası" yalnız o idi. Xatirlayıram ki qısa dalğalarda onun səsini eşitmək üçün necə səbirsizliklə gözləyərdik.
Həmin radioqəbuledicini mən hələ də saxlayıram. Mirzə Xəzərin o zaman öz yanıqlı səsi ilə səsləndirdiyi Xəlil Rzanın "Davam edir 37 , daha kəskin, daha ciddi" şerini sakit dinləmək olmurdu”. 

“Yeni Çağ” Media Qrupun rəhbəri Aqil  Ələsgər: 

“O, uşaqlığımızdan gələn səs idi. Sovet tankı altında əzilən xalqın "Davam edir 37" deyən səsi idi. Bəlkə həm də o səs sevdirdi Xəlil Rzanı bu millətə... Hər kəs radionu onun səsini eşitmək üçün açırdı. Uşaq idim, babamın dizinim dibində oturub, onu dinləyir, sonra sözlərini təkrarlayırdım. Rəhmətlik Bəxtiyar Vahabzadənin elə "Azadlıq" radiosunun efirindən dediyi kimi, rus tankı önündə millətin tək ümidi idi. Hər kəs Mirzə Xəzəri dinləyir, hər kəs ona inanırdı. Və bu gün artıq o əfsanə aramızda deyil. Məkanın cənnət olsun”. 

Jurnalist, qazi Rey Kərimoğlu: 

“20 yanvar hadisələrində informasiya blokadasını “Azadlıq” radiosunda yaran adam! Allah rəhmət eləsin! Ruhu şad olsun!”.