İrandan Azərbaycana narkotik daşıyan dəstə tutuldu - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) Azərbaycan-İran sərhədində narkotik qaçaqmalçılarına qarşı əməliyyat keçirib.

DSX-dən verilən məlumatda bildirilir ki, son müddət ərzində Azərbaycan-İran dövlət sərhədində külli miq-darda narkotik vasitənin ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb, təqsirkar şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.

Dövlət sərhəddinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində cari ilin yanvar ayının 1-dən etibarən beş halda ümumi çəkisi 50 kq 230 qram və 8500 ədəd həb şəklində narkotik vasitənin və psixotrop maddələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb, dörd nəfər Azərbaycan Respublikasının və 2 nəfər İran İslam Respublikasının vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.

Təkcə son 10 gün ərzində Azərbaycan-İran dövlət sərhədində üç halda ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb. 26 yanvar tarixində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən bir nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, qaçaqmalçı əlindəkiləri ataraq geri qaçıb.

Həmin ərazi dərhal qapadılaraq axtarış tədbirləri keçirilib, nəticədə bir ədəd kisənin içərisində ümumi çəkisi 1 kq 900 qram narkotik vasitə aşkar olunaraq götürülüb.

1 fevralda “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində İmişli rayonunun Aranlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən iki nəfər naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “dayan” əmrinə tabe olmayan sərhəd pozucularına qarşı silahdan havaya xəbərdarlıq məqsədilə atəş açılıb və sərhəd pozucuları əllərindəki çanta ilə qaçmaq istəyərkən saxlanılıblar. Saxlanılan şəxslərin İran İslam Respublikasının vətəndaşları 1980-ci il təvəllüdlü Rza Zend Xanhüseyn və 1986-cı il təvəllüdlü Muradi Talıb Bayram olması müəyyənləşdirilib. Sərhəd pozucularının üzərinə baxış zamanı ümumi çəkisi 9 kq 485 qram narkotik vasitə və 823 ədəd həb, həmçinin bir ədəd SUR-2608 markalı tapança, bir ədəd daraq, altı ədəd patron aşkar olunaraq götürülüb.

2 fevralda “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru hərəkət edən iki nəfər naməlum şəxs tərəfindən dövlət sərhədinin pozulmasının qarşısı alınıb, sərhəd pozucuları əllərindəki çantanı əraziyə ataraq geri qaçıblar. Ərazidə axtarış tədbirləri keçirilmiş, iki ədəd çantanın içərisində ümumi çəkisi 16 kq 200 qram narkotik vasitə və 5377 ədəd həb aşkar olunaraq götürülüb.

Bu sərhəd pozma hallarının hər biri barədə sərhəd nümayəndəliyi xətti İran sərhədçiləri müvafiq qaydada məlumatlandırılıb, bu kimi hallara qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi razılaşdırılıb.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.