Türkiyə Suriya ordusuna ağır zərbələr endirəcək - AKTUAL

Moskva günlərdir Ankaranın çağırışlarını cavabsız qoyur



“Bu prosesdə ABŞ Türkiyəyə dəstək verəcək. Vaşinqton Ankaranı öz tərəfinə çəkməyə çalışır. ABŞ-Türkiyə yaxınlaşmasının şahidi olacağıq”



Suriyanın İdlib bölgəsində Bəşər Əsədə bağlı hökumət qüvvələrinin açdığı top atəşi nəticəsində Türkiyə ordusunun 4 əsgəri şəhid olub, 9 əsgər isə yaralanıb. Türkiyə Müdafiə Nazirliyinin yaydığı məlumata görə, türk hərbçiləri İdlibə döyüşlərin qarşısını almaq məqsədi ilə göndərilib: “Hərbçilərimizin yerləşəcəyi ərazi öncədən koordinasiya edilməsinə baxmayaraq, rejim qüvvələri tərəfindən güclü top atəşinə tutulub. 

Bölgədə təyin edilən hədəflər dərhal cavab atəşinə tutularaq məhv edilib. Hazırda vəziyyət nəzarət altındadır”. Ankaranın sərt reaksiyasına səbəb olan hücumun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfərindən əvvəl baş verməsi diqqət çəkib. Bəzi ekspertlər qəfil hücumu Moskvanın Ankaraya mesajı kimi qiymətləndiriblər. Onların fikrincə, Kremlin icazəsi olmadan Əsəd belə bir hücumu gerçəkləşdirməyə cəsarət etməz. 



Politoloq: “Bu prosesdə ABŞ-ın Türkiyəyə dəstək verəcəyi şübhəsizdir”


İki ölkə arasındakı gərginliyi “Şərq”ə təhlil edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, İdlibdəki hücumla Rusiya tərəfi Soçi və Astana danışıqlarını sabotaj etmiş oldu. Analitikin sözlərinə görə, Türkiyə bölgədəki silahlı qrupların zərərsizləşdirilməsini həyata keçirə bilmədi. Buna baxmayaraq Rusiya humanitar böhrana görə Türkiyə ilə anlaşmaya əməl etməli idi: 

“Hücum nəticəsində Türkiyə tərəfi şəhid verdi və Moskva ilə aparılan konfedensial danışıqlar nəticəsiz qaldı. Rusiya bir tərəfən danışıqlar aparır, digər tərəfdən isə hücumlara dəstək verir. Çox güman ki, Türkiyə cavab olaraq Suriya ordusuna zərbələr endirəcək. Bu prosesdə ABŞ-ın Türkiyəyə dəstək verəcəyi şübhəsizdir. Hazırda Amerika generalları Ankarada danışıqlar aparır. Onlar İdlibdə baş verənlərlə bağlı Türkiyə-Rusiya əlaqələrinin pozulmasından istifadə edərək, Ankaranı öz tərəflərinə çəkmək istiqamətində çalışırlar”. 

“Məqsəd Türkiyəni İdlibdən çıxarmaqdır”


Siyasi şərhçinin sözlərinə görə, Moskva günlərdir Ankaranın çağırışlarını cavabsız qoyur: 

“Məqsəd Türkiyəni İdlibdən çıxarmaqdır. Bu hadisədən sonra Türkiyə-Rusiya arasında ciddi çatlar olacaq. İki ölkə arasında siyasi, hərbi, texniki əlaqələr zəifləyəcək. Amma gərginlik iqtisadi və enerji əməkdaşlığına təsir göstərməyəcək. Türkiyə və Rusiya iqtisadi əməkdaşlıqda maraqlıdırlar. Amma Suriya və Liviya məsələsində tərəflərin yaxınlaşması taktiki idi. Strateji ölçüdə Moskva və Ankara regionda rəqibdir. Bundan sonra ABŞ-Türkiyə yaxınlaşmasının şahidi olacağıq”.