Müəllim də, psixoloq da, valideyn də örnək olmalıdır

“Şagirdlərlə ünsiyyətə professionalları cəlb etmək lazımdır”



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində çalışan psixoloqlar və təşkilati işlər üzrə direktor müavinləri üçün yeni təlimlərə start verilib.  “Ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” istiqamətində təşkil olunan təlimlər Bakı şəhərinin 12 rayonu üzrə bütün ümumi təhsil məktəblərini əhatə edəcək.

Qeyd edək ki, BŞTİ, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi ümumi təhsil müəssisələrində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılmasına nail olmaq, şagirdlərin fərdi xüsusiyyətlərini inkişaf etdirmək, uşaqların psixi cəhətdən sağlamlığını təmin etmək və məktəblilərin fərdi inkişafına təkan verməkdir.

Təlimlərin mahiyyəti ilə bağlı “Sherg.az”a danışan təhsil eksperti Almaz Həsrətin fikrincə, bu cür təlimlər təkcə müəllimlər, psixoloqlar deyil, həm də valideynlər üçün keçirilməlidir: 

“Bütün sahələrdə olduğu kimi, təhsildə də maarifləndirmə əsas məsələlərdən biridir. Bu maarifləndirmə müəllim və şagirdlərlə yanaşı, valideynlər arasında da aparılmalıdır. Çünki övladı tərbiyə edən valideyndir. Məhz valideyn uşağa davranış qaydalarını aşılamalı, cəmiyyət içində özünü necə aparmaq lazım olduğunu başa salmalıdır. Evdə valideyn, məktəbdə isə müəllim uşaq və yeniyetmələrə yol göstərməlidirlər. Valideynlər və müəllimlər vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlsələr, şagirdlər üçün hansısa təlimlərin keçirilməsinə də ehtiyac qalmaz. Çünki uşaqlar onsuz da böyüklərdə gördüklərini təkrarlayırlar”. 



Almaz Həsrət: “Sən pis oxuyursan” cümləsi ilə “Daha yaxşı oxuya bilərsən” ifadəsi arasında böyük fərqlər var. Əslində məzmun oxşardır. Sadəcə, birinci ittiham, ikinci tövsiyə xarakteri daşıyır və sözsüz ki, ikinci şagirdlərə daha xoş gəlir”


Ekspert diqqətə çatdırıb ki, məktəblərdə davranış qaydalarının pozulmasının əsas günahkarı valideynlərdir. Çünki onlar daha çox mənfini görməyə meyilli olur və çatışmazlıqları, sanki övladlarının boynuna qoyurlar: 

“Əgər valideyn iclasında müəllim hansısa şagird haqqında tənqidi fikirlər səsləndirirsə, valideynlər, adətən, evdə bu məsələni bir az şişirdərək uşağı qınaq subyektinə çevirirlər. Bu, heç də düzgün deyil. Çünki şagird bir müddətdən sonra həmin neqativ halları aradan qaldırmaq əvəzinə, onları qəbul edir. Özünü bir sıra pis xüsusiyyətlərin daşıyıcısı hesab edir. Bu səbəbdən də məsələyə tam əks mövqedən yanaşmaq, uşaqlara müxtəlif mənfi hərəkətlərin ona yaraşmadığını, onun özünün hərəkətləri müəllimlərinin sevimlisi olduğunu və sair demək lazımdır. Belə olan halda övlad göstərilən etimadı doğrultmağa, haqqında deyilən müsbət fikirlərə layiq olmağa çalışacaq”. A.Həsrət onu da əlavə edib ki, valideyn və müəllimlər öz hərəkətləri ilə uşaqlara nümunə olmalıdırlar: "Bilmək lazımdır ki, uşaq deyiləni yox, göstəriləni etməyə meyilli olur. Böyüklər, o cümlədən də valideynlər, müəllimlər öz davranışlarına diqqət yetirməlidirlər. Uşaqların yanında qışqırmaq, nalayiq sözlər işlətmək olmaz. Əgər müəllim şagirdinin yanında yalan danışırsa, necə onu düzgünlüyə dəvət edə bilər? Əlbəttə, şagirdi ona məhəl qoymaz. Odur ki, həm valideynlər, həm də müəllimlər uşaqlara nümunə olmalıdırlar”.

Məktəblilərin təlim-tərbiyəsində psixoloqların öhdəsinə böyük məsuliyyətin düşdüyünü vurğulayan  ekspertin fikrincə, müəllimlər kimi psixoloqlar da daim özlərini şagidlərin yerinə qoymalı, işlətdikləri sözlərin onlara necə təsir göstərəcəyini nəzərə almalıdırlar: 

“Məsələn, “sən pis oxuyursan” cümləsi ilə “daha yaxşı oxuya bilərsən” ifadəsi arasında böyük fərqlər var. Əslində məzmun oxşardır. Sadəcə, birinci ittiham, ikinci tövsiyə xarakteri daşıyır və sözsüz ki, ikinci şagirdlərə daha xoş gəlir. Nəzərə almaq lazımdır ki, bizim gələcəyimiz bu gün masa arxasında oturan şagirdlərin əlindədir. Bu səbəbdən də sözügedən məsələlərə diqqətlə yanaşmaq, şagirdlərlə ünsiyyətə professionalları cəlb etmək lazımdır”.