Fərda: "Səhnədə rəqibim olsaydı, bəlkə də daha çox iş görərdim" - MÜSAHİBƏ

"Olanları deyəndə niyə eqolu görünür"



"O qədər çətin günlərim olub ki. Heç vaxt maraqlanmayıblar ki, hansı yoldan, hansı çətinliklə gəlmisən, nələr yaşamısan. İkiotaqlı evdə iki ailə yaşadığımız vaxtlar olub. Bazarda satıcı işləmişəm"


 Tanınmış aktyor, stend-up ustası Fərda Xudaverdiyev yenə sosial medianın diqqət mərkəzindədir. Son günlər ən çox müzakirə olunan mövzulardan biri aktyorun «rəqibsizəm»  ifadəsi işlətməsi olub. «Şərq»ə danışan Fərda Xudaverdiyevin açıqlamaları isə fərqlidir. 

 - Səhnədə elə bir yol tutmusan ki, bu yolda əslində bir az təksən desək yəqin ki, səhv etmərik.

- Həqiqətən tək çıxmışam bu yola. Stend-up bəlkə kənardan asan bir janr görünə bilər, amma inanın ki, heç də asan deyil. Azərbaycanda bu janrı ilk dəfə mən professional şəkildə səhnəyə gətirmişəm. Düzdür, mono-tamaşalar təqdim edənlər olub. Amma bizimki mono-tamaşa da deyil. Daha fərqlidir, ünvanlıdır.

- Bu sənətə gəldiyiniz gündən nə qədər sizi sevənlər olsa da, tənqidlər də az olmayıb...

- Səmimi desəm, mən tənqidlərdən çəkinmirəm. Bəlkə şablon səslənə bilər, amma tənqid lazımdı. Vacibdi. Amma sağlam, məntiqə söykənən tənqid. O tənqidləri nəzərə də alaram, hörmətlə də yanaşaram. Amma stend-updan anlayışı olmayan, ya da ümumiyyətlə tənqidin mahiyyətindən xəbərsiz biri məni necə tənqid edə bilər? Axı onun nə həyat tərzi, nə savadı, nə də cəmiyyәtdəki mövqeyi, statusu məni və səhnədə əziyyət çəkən aktyorları tənqid etməyə imkan vermir. Sən məni necə tənqid edə bilərsən ki, duruşundan sözünə qədər sən özün tənqid obyektisən.

- Üzünüzə tənqid deyənlər olub?

- Çox maraqlı sual oldu, inanın. Hələ bu günə qədər üzümə tənqid deyən olmayıb. Bəlkə də məni yandıran budu. Əgər biri mənim üzümə qüsurumu desə, bu qədər pis olmazdım. Həyatda kim görürsə, görüşür, qucaqlayır, tərifləyir. Elə ki, mikrofon qarşısına çıxdı, ya da klaviatura arxasında oturdu divləşir, tənqid etməyə cəsarət tapır. Bax biz bu qədər ola bilirik. Məni ağrıdan budu.

- Cem Yılmaz da stend-up edir, onu milyonlar izləyir... 

- Baxın, cəmiyyətdən cəmiyyətə stereotiplər də dəyişir, baxışlar da. Cem Yılmaz Bakıya gəldi, onun konsertinə  bir biletin qiyməti filan qədər oldu, aldılar da, getdilər də. Amma özümüzdə olana dәyər verə bilmirik. Ona görə də bizə başqaları da dəyər vermir. Çünki biz özümüzün dəyərini göstərə bilmirik. Paxıllıqdan bunu etməyə cəsarət tapmırıq. Ona görə də Okan kimilər bizi verilişlərində ucuzlaşdırmağa ürəklənə bilirlər.

- Yeri gəlmişkən, Okanın Azərbaycanın Xalq artistinə qarşı davranışına sərt reaksiya verənlərdən biri də sən oldun...

- Necə susa bilərdim ki? Mən o insan haqqında yetərincə bilgiliyəm. Bəziləri deyir ki, Türkiyə türkcəsində bu ifadə normal sayılır. Amma insan başqa ölkədən qonaq dəvət edib. Deyirsiz o, kimə nə sual verdiyinin fərqində deyildi? Buna inana bilmərəm. Kim inanır özü bilər. O insan qonaqlarını sancmağı sevir. Ya biz başqa ölkədən gələn qonağı dəvət etsəydik, 40 dəfə bizə tapşırardılar ki, baxın amanın günüdür, qonaqdı, hörmət-izzətdən kəsməyin.

- Türkiyədə bir müddət yaşadın, daha dəqiq iş təklifi gəldi?

- Bir müddət çalışdım. Dizilərə dəvət aldım. Sadəcə orda çəkilişlər o qədər professional şəkildə hazırlanır ki, mən də istədim kiminsə kölgəsinə düşməyim. Yəni dil fərqi məsələsi ki var, orda özünü göstərə bilərdi. Ləhcə fərqi-filan, ona görə də bir müddət hazırlaşmağa qərar verdim.

- Bu sahədən pul qazanmaq olur?

- Әslində bizdə səhnədə olan heç kim rahatlıqla konsert verib, səhnəyə çıxıb pul qazana bilmir. Biz sənətçilər mütləq sponsor qapısında boynubükük qalmalıyıq ki, layihəyə pul götürə bilək. Bilirsiz, hələ ki bizdə bu məsələlərin sistematik bir üslubu yoxdu deyə çətinliklər də yetərincədir. Mən nə edirəmsə, şəxsi tanışlıqlarım sahəsində olur. 

- Müsahibəndə qeyd etmisən ki, mənim Azərbaycanda rəqibim yoxdu. Bu eqodur, ya səhnədəki özgüvənliyinə söykənərək belə iddialı danışmısan?

- Mən xaraktercə eqolu biri deyiləm. Təkәbbürü sevmirəm. Sadəcə, sənətimi sevən biriyəm. Səhnәyə məsuliyyәtlə yanaşıram. Bir də nə qədər təvazökarlıq etməliyəm ki? Olanları deyəndə niyə eqolu görünür? Mənim bu səhnədə bu gün rəqibim olsa, bəlkə daha çox iş görərəm. Rəqabət sənətdə vacib stimuldu. Sən rəqiblə vuruşmaq üçün daha çox çalışmağa məcbur qalırsan. Əslində, inanın səmimiyyətimə, istərdim rəqiblərim olsun. Fərq ortaya qoyaq. Reallıq isə hələ ki, bu gün rəqibsiz olduğumu göstərir.

- Tanınmışların bir də görünməyən tərəfləri olur. Bəzən də acı həyat hekayələri...

- Tanınmaq hələ sənin pullu olmağın anlamına gəlməsin. Bizdə nədənsə o təəssürat var ki, efirdə olan insanın, tanınmışın həyatı yağ-bal kimi olur. Onların çətinliyi olmamalıdır. Onların pulsuzluqdan əziyyət çəkməsi mümkün deyil. Biz insanıq. Təbii ki, məşһurlar içində dəbdəbəli həyat tərzi yaşayanlar da var. Allah canlarını sağ eləsin. Amma məşһurların hamısı o qədər rahat həyat yaşayaraq səhnəyə gəlməyiblər ki. O qədər çətin günlərim olub ki. Heç vaxt maraqlanmayıblar ki, hansı yoldan, hansı çətinliklə gəlmisən, nələr yaşamısan. İkiotaqlı evdə iki ailə yaşadığımız vaxtlar olub. Bazarda satıcı işləmişəm. Tanındığım vaxtlarda belə, ofisiant işləmişəm. "Ay Allah, tanımasın xanımlar məni, pis olacağam” deyirdim. Tanıyanda “Əmim oğludur, çox oxşayıram” kimi sözlər işlədirdim.
“Selfinaz”dan sonra depressiyaya düşdüm. Ən azı bir il də olsa uzaqlaşmaq istədim bu sənətdən, psixoloqla da məsləhətləşdim. Saytlar, sosial şəbəkələr məndən danışmağa, qaralamağa başladılar. Sonra dedim ki, bu qədər əziyyəti heç nə edə bilmərəm. Çətin də olsa yenidən özümdə o inamı topladım. Həyat rahatlıqla mənim qarşıma nəyisə qoyub deməyib ki, gəl götür apar. Nəsə əldə etmək üçün çabalamışam. Sözün həqiqi mənasında mücadilə aparmışam.