Özəl banklar sözün həqiqi mənasında “bankir” fəaliyyəti ilə məşğuldur – HAQLI TƏNQİD

“Azərbaycandakı özəl banklar sözün həqiqi mənasında “bankir” fəaliyyəti ilə məşğuldur”.  Bunu Sherg.az-a açıqlamasında iqtisadçı-ekspert Fuad İbrahimov deyib.  Ekspert bildirib ki, bankirlik fəaliyyəti çox sadə prinsiplə istehlak kreditlərinin verilməsini və bütün məcburi üsullardan istifadə edərək həmin vəsaitin geri qaytarılmasını özündə ehtiva edir: 

“Bu da dövlət başçısı İlham Əliyevin dediyi kimi “bankların sadəcə pul qazanması” anlamına gəlir. Amma bank sistemi bir institutdur. Bazar iqtisadiyyatının ən əsas sütunlarındandır. Ona görə də bank sistemi biznes mühitinin formalaşdırılmasına öz kreditləri ilə xidmət etməlidir. Dövlət və Mərkəzi Bank özəl bank sektoruna kifayət qədər əlverişli şərait yaradıb. Əsas göstərici uçot dərəcələrinin aşağı salınmasıdır. Uçot dərəcəsinin aşağı salınması biznes kreditlərinin verilmə faizinə təsir edən amildir”. 



İqtisadçı: “Yeni investisiyalar cəlb edilməlidir ki, bunun üçün də ölkə iqtisadiyyatı və bazar cazibədar olmalıdır”


İqtisadçının sözlərinə görə, vəsaitlər üçün bir portfel də yaranmalıdır: 

“Yeni investisiyalar cəlb edilməlidir ki, bunun üçün də ölkə iqtisadiyyatı və bazar cazibədar olmalıdır. Proses zəncirvari bir-birinə bağlıdır. Son bir-iki ildir prosesi makroiqtisadi səviyyədə düzgün apara bilirik. Cənab Prezidentin çıxışında bu məsələlər bütün incəlikləri ilə diqqətə çatdırıldı. Eyni zamanda gələcək proqramlar açıqlandı və müvafiq qurumlara yol göstərildi. Bank sektoru ölkə rəhbərinin tapşırıqlarına vaxtında reaksiya verməlidir. Bu, həm ölkədən kapital axınının qarşısını alacaq, həm də biznes mühitini formalaşdıracaq. Daxili biznes mühitinin hesabına dollar investorlarına ehtiyac da aradan qalxar”. 

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı banklarla bağlı problemlərdən danışıb. Dövlət başçısı vurğulayıb ki, əgər banklarda hansısa problemlər olarsa, lisenziyaları ləğv ediləcək: “İqtisadiyyat artdıqca, iqtisadi vəziyyət yaxşılaşdıqca, uçot dərəcəsi də aşağı düşür. Bu il də aşağı düşüb, təqribən 7 faizdən bir qədər çoxdur. Əlbəttə ki, özəl banklar da faiz dərəcələrini aşağı salmalıdırlar. Çünki Mərkəzi Bank tərəfindən artıq qərar qəbul edildi, keçən il və bu il uçot dərəcəsi müntəzəm olaraq aşağı düşür. Bu proses davam etdirilir”. Ölkə rəhbəri vurğulayıb ki, bütövlükdə özəl banklar iqtisadi inkişafımıza təkan verməlidir: “Onların işi ancaq oturub pul qazanmaq olmamalıdır. Onlar öz məsuliyyətini dərk etməlidirlər. Dövlət onlara fəaliyyət göstərmək üçün imkan yaradıb, lisenziya verib. Əgər o banklarda hansısa problemlər olarsa, bu lisenziya ləğv ediləcəkdir. Son vaxtlar bir çox bankların lisenziyası ləğv olundu. Onlar bu imkanlardan məhrum olacaqlar. Ona görə məsuliyyətli yanaşmalıdırlar. Heç bir sürpriz olmamalıdır. Onlar biznes-kreditlərə üstünlük verməlidirlər”.