Xərçəng sürətlə yayılır: Keyfiyyətsiz ərzaq və dərmanlar, çirkli su xəstəliyə səbəbdir

Bütün dünyada olduğu kimi, Azərbaycanda da onkoloji xəstələrin sayı artır. Səhiyyə Nazirliyinin məlumatına görə, əgər 2017-ci ildə ölkəmizdə 45,7 min xəstə var idisə, 2018-ci ildə 49,1 min onkoloji xəstə qeydə alınıb. Hazırda ölkəmizdə yeni əmələ gələn şişlərlə beş və daha çox il yaşayan 17,6 min xəstə var. Bəs, bu xəstəliyin artmasına səbəb nədir? Keyfiyyətsiz qidalar, ekologiya yoxsa irsi faktorlar?

Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla onkoloji xəstəliklərin artmasını bir neçə faktorla əlaqələndirib. 

Ekspert Sherg.az-a açıqlamasında bildirib ki, xəstəliyin artmasının əsas səbəblərindən biri ekoloji amillərdir. Eyni zamanda ekspert ərzaq və dərman təhlükəsizliyinin, içməli su probleminin ürəkaçan olmamasını da xəstəliyin artması səbəbi kimi qeyd etdi:

"Ölkəmizdə ərzaq, dərman və içməli su təhlükəsizliyi ilə bağlı konsepsiyalar hazırlanmalıdır. Bütün bunlar Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi olmalı və əhali arasında xəstəliklə bağlı geniş maarifəndirmə aparılmalıdır.

Bütün dünya üzrə onkoloji xəstəliklərin artması müşahidə olunur. Amma Azərbaycanda belə xəsətliklərin çoxalması səbəbləri çoxsaylıdır. Əvvəla bir məqama diqqət yetirmək lazımdır. Ölkəmizə daxil olan ərzaq məhsullarının böyük əksəriyyəti genetik modifikasiya olunub. Demək olar ki, yerli istehsal olunan məhsullar yoxdur. 



Həkim: "İdmanla məşğul olmamaq, həddindən artıq qida qəbul etmək, artıq çəki problemi, metobolik sindromlar bəzi xəstəliklərə səbəb olur”


Yerli məhsullar olsa belə bazara daxil olmur. Ancaq müəyyən korporativ maraqlarla ölkəyə müxtəlif ərzaqlar, qida məhsulları gətirilir və satılır. Belə məhsulların böyük əksəriyyəti isə aşağı keyfiyyət parametrləri ilə xarakterizə olunur. Keyfiyyətsiz məhsulların istifadəsi isə sonra ciddi fəlakətlərə gətirib çıxarır”.

Professor qeyd edib ki, insanların həyat tərzinə fikir vermələri də olduqca önəmli faktordur:

"İdmanla məşğul olmamaq, həddindən artıq qida qəbul etmək, artıq çəki problemi, metobolik sindromlar bəzi xəstəliklərə səbəb olur. Belə həyat tərzi onkoloji və xroniki xəsətliklərin inkişafı üçün bir fondur. Hesab edirəm ki, qida və dərman təhlükəsizlik konsepsiyamız formal xarakter daşımalı deyil”.