Fazil Mustafa Marka təşəkkür etdi: “Seçkilər başa çatdandan sonra…”

“Seçki qərargahımız bu müddətdə çox gərgin işlədi, demək olar ki, yerləşim xəritəsində təsbit etdiyimiz 52 min seçicini əhatə edən 20 mindən artıq mənzilə təşviqat materiallarımızı çatdırdı. Hər bir təşviqat materialını seçiciyə verərkən onların rəylərini də qeyd edərək bizə təqdim etdilər”. 

Serq.az-ın xəbərinə görə, bu sözləri 28 saylı Sabunçi birinci seçki dairəsindən deputatlığa namizəd, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa təşviqat kampaniyasından danışarkən deyib. 

O, bildirib ki, evlərində olmayan adamlar, kirayəçi olaraq mənzillərdə yaşayanlar istisna olmaqla Bakıxanov qəsəbəsi sakinlərinin düşüncələri barədə ümumi bir anlayışları olub: 

“Bukletlərimizi alan insanların xeyli hissəsi seçkilərdə aktiv iştirak edəcəklərini və namizədliyimizi dəstəkləyəcəyini bildirirlər. Təbii ki, narazılıq edənlər də tapılır, bunların əksəriyyəti də asfalt dərdi, küçə işıqları dərdi, məşğulluq və pensiya problemi üzərindən ümumiyyətlə seçkilərdə iştirak etməyəcəklərini söyləyirlər. Seçki qərargahımıza və görüşlərimizə böyük maraq göstərən insanların dəstəyinin əsas səbəblərindən biri fikrimcə sosial şəbəkə fenomenidir. Bu seçkilərdə Mark Zükerberqin yaratdığı sistem işimizə xeyli yarayıb. Çünki 5 il öncəkindən fərqli olaraq daha çox insan sosial şəbəkəyə qoşulub, ən azı müşahidəçi olaraq prosesləri, xəbərləri oradan izləyir. Bu illər ərzində Milli Məclisdə çıxışlarımızın sosial şəbəkədə geniş yayılması vətəndaşı üçün də öz təmsilçisini tanıması baxımından əhəmiyyətli bir fürsət yaradıb. Təmasda olduğumuz insanlar gündəmə gətirdiyimiz, həllinə nail olunan onlarla problemi özləri birbaşa vurğulayırlar. Bu nə deməkdir? Əvvəllər də Milli Məclisin demək olar ki, iştirak etdiyimiz plenar iclasında bir neçə ciddi aktual problemlə bağlı çıxışlarımız olurdu, ancaq vətəndaş bundan xəbərsiz qalırdı. Milli Məclisin televiziyası yox, Alışanovun AzTv-si də ağızdan ancaq tərifləri götürürdü, azacıq tənqidi fikirə efiri bağlamışdı. Sosial şəbəkə də kütləvi populyarlıq qazanmadığına görə izləyici sayı yetərli olmurdu. Son bir neçə ildə öz çıxışlarımızı telefon cihazı ilə çəkib paylaşdığımıza görə insanlar gördülər ki, onların bütün ağrılı məsələlərini gündəmə gətirib ictimailəşdiririk, hökumətə faydalı təkliflər veririk, nöqsanları ciddi tənqid edirik. İnternet məkanında fəaliyyət göstərən saytların və portalların da bu çıxışları, mövqeləri operativ yayması ictimai rəyin formalaşmasına öz təsirini göstərmişdir. Məhz bu səbəbdən düşünürəm ki, bu seçki kampaniyasında böyük dəstək qazanmamızda, fikirlərimizin vətəndaşımıza çatdırılmasına yardım edən Markın sisteminin rolu böyükdür. Buna görə ilk təşəkkür əlbəttə ki, sağlam düşünən seçiciyədir. Çünki deputatın əsil funksiyasını anlayan seçici, aid olmayan problemləri bəhanə gətirərək deputata neqativ münasibət bəsləmir, əksinə onun seçici üçün daha çox çalışmasına stimul verir. İkinci təşəkkür təbii ki, seçki qərargahımızda arı çalışqanlığı göstərən heyətimizə düşür. Və sonda çıxışlarımızı, mövqelərimizi, yazılarımızı, fikirlərimizi vətəndaşa çatdıran virtual mediamıza, o cümlədən Marka təşəkkür düşür. İnşallah bu seçkilər başa çatdandan sonra məsələ ilə bağlı başqa maraqlı qeydlərimi də yazacağam”.