"Regionların inkişafı sosial-iqtisadi strategiyanın tərkib hissəsidir"


Pərviz Heydərov:“Yəni iqtisadiyyatda real sektoru, kənd təsərrüfatını, sənayeni gücləndirmək əsas məqsəd sayılır”

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib. Dövlətimizin başçısı konfransda giriş nitqi söyləyərək qeyd edib ki, Azərbaycan regionlarının dördüncü sosial-iqtisadi inkişafı Dövlət Proqramı bir il bundan əvvəl qəbul edildi: “Dördüncü proqram əvvəlki dövrlərdə qəbul edilmiş proqramların məntiqi davamıdır. Üç proqram çərçivəsində böyük işlər görülmüşdür. Ancaq hələ də görüləsi işlər çoxdur. Hesab edirəm ki, dördüncü proqram çərçivəsində ölkə qarşısında duran əsas infrastruktur vəzifələri icra olunacaq və beləliklə, ölkəmizin gələcək inkişafı üçün daha gözəl imkanlar yaranacaqdır. Keçən il ərzində proqramın icrası ilə bağlı bütün lazımi tədbirlər görülüb. Deyə bilərəm ki, proqram artıqlaması ilə icra edilib. Proqramda nəzərdə tutulmuş məsələlər həll olunub. Ancaq bəzi məsələlərdə müəyyən ləngimələr var. Ona görə bu məsələlərin həllinə xüsusi diqqət göstərilməlidir. Hesab edirəm ki, proqramın bu il icra ediləcək bütün tədbirləri həyatda öz əksini tapacaq”.

İqtisadçı- ekspert Pərviz Heydərov “Sherg.az”a bildirib ki, regionların inkişafı ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olub və olaraq da qalır: 

"Bilavasitə regionların sosial-iqtisadi inkişafına dair ardıcıl şəkildə qəbul olunaraq icra edilən üç Dövlət Proqramının və o cümlədən, dövlətin və hökumətin ayrıca olaraq həyata keçirdiyi tədbirlər nəticəsində də bölgələrdə sosial-iqtisadi cəhətdən çox böyük irəliləyiş əldə edilib.  Söhbət son 16 ildən gedir. Və bu, özünü ölkə üzrə ÜDM istehsalında, sənaye və kənd təsərrüfatı sahəsində, işsizliyin azalması və yoxsulluq səviyyəsi kimi göstəricilərdə büruzə verir. 2003-cü ildən bəri Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2, xarici ticarət dövriyyəsi 6,4, ixrac 7,6, o cümlədən, qeyri-neft ixracı 5,2 dəfə yüksəlib.  Valyuta ehtiyatlarımız isə 30 dəfəyə yaxın genişlənib. Dövlət başçısı konfransda xatırtlatdı ki, 2003-cü ildə valyuta ehtiyatları 1,8 milyard dollar idisə, keçən ilin yekunlarına görə 51, indi isə 52 milyard dollara çatır. Yeri gəlmişkən, neftin dünya bazar qiymətləri bir ara, dəqiq desəm, 2014-2016-cı illərdə enməsə idi, sözügedən rəqəm hazırda 70 milyarda yaxın təşkil edirdi. Həmin müddətdə Mərkəzi Bank rəsmi ehtiyatlarından 11 milyard dollardan çox vəsait itirdi. Sözüm bunda deyil. Son 16 il ərzində yoxsulluq 50 faizdən 4,8 faizə düşüb. Orta əməkhaqqı 11 dəfə, orta pensiya səkkiz dəfə artıb”.


Ekspert diqqətə çatdırıb ki, regionların inkişafı sahəsində qəbul edilən, həyata keçirilən proqramlarda, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda ölkədə qeyri-neft sektorunun davamlı inkişafı nəzərdə tutulur: 

“Regionlarda kommunal xidmətlərin, sosial infrastruktur təminatının yüksəlməsinə, sahibkarlıq mühitinin yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına diqqət yetirilir. Bundan başqa,  yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun genişlənməsinə, yoxsulluq səviyyəsinin azalmasına təkan verilir. Bəli, dördüncü proqramdan əvvəlki üç proqram çərçivəsində böyük işlər görülüb. Amma iş bundadır ki, tələblər yerində donub qalmayıb, yeni çağırışlar və yeni problemlər ortaya çıxır. Ən birincisi də odur ki, ölkə əhalisinin sayı artır, tələbat genişlənir, yeni-yeni ehtiyaclar meydana gəlir.

Bütün bunları da qarşılamaq zərurəti yaranır. Yuxarıda son 16 ildə əldə olunan uğurları rəqəmlərlə göstərdim. Amma əlavə etmədim ki, qeyd edilən müddətdə əhalinin sayı da 1,6 milyon nəfərdən çox artıb. Və indi biz, 10 milyon nəfərik. Bu tendensiya davam edir. Deməli, iş yerlərinin açılması da daimi xarakter daşımalı, sosial tələblər daha artıq səviyyədə təmin olunmalı, vətəndaşların maddi gəlirləri yüksələn xətt üzrə inkişaf etməlidir. Bundan əvvəlki üç proqramın icrası yekunlarına əsasən qeyd olunmuşdu ki, ötən müddətdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla, iki milyondan çox yeni iş yeri açılıb, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə enib.

Əhalinin sayı 1,6 milyon nəfər artıbsa, yeni iş yerlərinin yaranması prosesi, deməli, bunu üstələyib. Bax, məhz bu tendensiyanı qoruyub saxlamaq lazımdır. Yəni əhalinin sayı artmaqda olduğundan, yeni iş yerlərinin yaranması prosesi də buna uyğun cərəyan etməlidir. Bunun üçün isə kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın digər sektorları durmadan inkişaf etməlidir ki, hökumətin və dövlətin çalışdığı, nail olmaq istədiyi məqsəd də məhz bundan ibarətdir. Yəni regionlar daha da inkişaf etsin, bölgələrdə istehsal sahələrinin yaradılmasıyla yeni-yeni iş yerlərini təşkil edilsin, bütövlükdə ölkənin xarici bazar və müxtəlif xarakterli təsir və təzyiqlərdən yaxa qutararaq, iqtisadi təhlükəsizliyinə nail olunsun və sair”.

P.Heydərov hesab edir ki, dördüncü proqramın icrasının ilk ilinin uğuru həm də onunla səciyyələnir ki, keçən il ölkədə qeyri-neft sənayesi 14 faizdən çox artıbsa, deməli, yeni iş yerləri açılıb:

“Statistikaya əsasən, 2019-cu ildə 98 min yeni iş yeri yaranıb. Nəzərə alsaq ki, əhalinin artım sürəti ilə əlaqədar hər il əmək bazarına təxminən 100 min işçi qüvvəsi daxil olur, demək, bu, olduqca qənaətbəxş göstəricidir. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü proqramda qarşıya qoyulan əsas hədəf kənd təsərrüfatı ilə sənayeni inkişaf etdirməkdir. Ötən üç proqram nəticəsində bölgələrdə böyük və müasir infrastruktur yaranıb. Bu, vacib məsələ idi. İqtisadiyyatın istənilən sahəsində inkişafa nail olmaq, emal və istehsal müəssisələri yaratmaq üçün müvafiq infrastruktur təşkil olunması vacib məsələ idi. Bu baxımdan, indiyədək regionların qaz, elektrik enerjisi, avtomobil yolları və sair təminatı sahəsində böyük işlər görülüb, turizmin inkişafı üçün hər cür şərait yaradılıb.  Bəzi dairələr qeyd edirlər ki, son 16 ildə regionlara xərclənilən vəsaitlərin müqabilində heç də kifayət səviyyədə gəlirlilik əldə edilməyib, bölgələrin ümumi gəlirdə payı az təşkil edir. Amma unudulur ki, infrastruktur çox pul aparan, iqtisadiyyatın real sektoru kimi gəlir gətirən sahə deyil. Ona görə də indi əsas diqqət regionlarda emal, istehsal sahələrinin inkişaf etdirilməsinə yönəlməlidir və yönəldilib də”. 

Ekspert onu da əlavə edib ki, kənd təsərrüfatı, sənaye istehsalı dördüncü proqramın qayəsini təşkil edir:

“Yəni iqtisadiyyatda real sektoru, kənd təsərrüfatını, sənayeni gücləndirmək əsas məqsəd sayılır. Xammal satışı üzərində köklənməklə ildə 100 minə yaxın iş yeri açmaq mümkün deyil. Odur ki, regionların bundan sonrakı inkişafında əsas diqqət sırf yerli xammal əsasında işləyən istehsal müəssisələri yaratmaq üzərində cəmləşməlidir. Bəli, bir sıra emal müəssisələri, istehsal sahələri vardır. Lakin bu müəssisələrin yerli aqrar istehsalçılarla əlaqəsi zəifdir, yaxud heç yoxdur. Dördüncü proqram çərçivəsində istehsal və emal müəssisələri yaradılarkən yerli istehsalçılarla əlaqəyə diqqət regionların bundan sonrakı inkişafında əsas vəzifə sayılmalıdır”.