Generalların növbəti Bakı görüşü: Müzakirələr açıq qarşıdurmanı əngəlləyir

“Generallların Bakı görüşü ABŞ-Rusiya gərginliyi fonunda keçirilir”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.  Siyasi şərhçinin sözlərinə görə, Azərbaycanın bu görüşə ev sahibliyi etməsi ölkəmizin müstəqil siyasəti, heç bir bloklara qoşulmamaq siyasəti və regionda nüfuzunun artmasından irəli gəlir: 

“Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov ilə NATO-nun Avropa komandanlığının rəhbəri Tod Uoltersin Bakı görüşü Amerikanın Avropada keçirəcəyi təlimlərə həsr ediləcək. ABŞ “Avropanın müdafiəsi-2020” təlimləri keçirəcək. Bu təlimlərdə 19 NATO ölkəsinin 37 min hərbiçisi iştirak edəcək. NATO-nun bu təlimləri Avropada son 20 ildə ən böyük geniş miqyaslı hərbi təlimlərdir. Hərbi alyans 20 min kontingenti Polşaya, digər qüvvələri Baltikyanı və Gürcüstana yerləşdirəcək. Göründüyü kimi ABŞ-ın NATO çətiri altında keçirəcəyi təlimlər əsasən Rusiyaya qarşı əzələ nümayişidir. Hazırda Rusiya NATO ilə Şərqi Avropda ciddi qarşı-qarşıyadır və tərəflər maksimum təxribatlardan çəkinmək üşün belə bir görüşlərə ehtiyac duyurlar”. 



Politoloq: “Generalların görüşündə Şərqi Avropada vəziyyət, Ukrayna böhranı və NATO-nun Gürcüstanda fəaliyyəti müzakirə ediləcək”


Analitik bildirib ki, Avropada ümümi təhlükəsizlik problemləri var: 

“Rusiya Qərb cəbhəsində öz hərbi qüvvələrini cəmləşdirir. Təbii ki, Kremlin bu demarşları Avropanın müdafiəsini zəruri edir. Məhz bu təhlükəsizlik risklərini önləmək üçün ABŞ-ın keçirdiyi təlimlər Avropanın müdafiəsini təmin etməyə hesablanıb. Generalların Bakı görüşündə Şərqi Avropada vəziyyət, Ukrayna böhranı və NATO-nun Gürcüstanda fəaliyyəti müzakirə ediləcək. Tərəflər maksimum dərəcədə birbirlərinə qarşı təhdidedici manevrlərə yol verməməklə bağlı razılığa gələcəklər. Bu görüşlərin mütəmadi keçirilməsinə baxmayaraq tərəflər arasında münasibətlər kəskinləşir. Sadəcə, belə bir görüşlər açıq qarşıdurmanın qarşısını alır”.