“Çapar”ın 1 yaşı oldu: Jurnala mütəmadi dəstək yoxdur

“İndiyədək “Çapar” tarix jurnalının 9 sayı və “Əhməd bəy Ağaoğlu 150” özəl sayı çap olunub”. Bu barədə Sherg.az-a açıqlamasında “Çapar” dərginin baş redaktoru, araşdırmaçı-yazar, kolleksiyaçı Dilqəm Əhməd deyib. 

Baş redaktorun sözlərinə görə, “Çapar” nəşrlərindən 8 kitab da çıxarılıb: 

“Dərgini ayaqda saxlayan güc dostum, təsisçi Yusif İlhamoğlunun fədakarlığı və jurnalın oxucularıdır. Ərsəyə gəlməsində isə dəyərli bir insan kömək edib. Mənəvi dəstəyimiz çox olsa da, mütəmadi dəstəyimiz yoxdur. Bizə mənəvi dəstək verənlər jurnalımızda yazıları ilə iştirak edən tarixçilərimizdir. Məsələn, Vilayət Quliyev, Ədalət Tahirzadə, Ramiz Abutalıbov, Əkbər Nəcəf və s. alimlərimiz öz məqalələri ilə jurnalda çıxış edirlər”. 

D.Əhməd dərginin 1 yaşı ilə bağlı tədbirin çox əla keçdiyini vurğulayıb: 

“Bazar günü olmasına baxmayaraq, tədbirimizdə 200-dən çox insan var idi. Tədbirdə Azərbaycan Cümhuriyyətini Parisdə tanıdan heyətin üzvləri ilə bağlı hazırladığımız say və çap etdiyimiz 4 yeni kitab maraqla qarşılandı. O cümlədən, “Çapar” mükafatı təqdim etdik. Qonaqlarımızın dəstək xarakterli çıxışları bizə yeni enerji verdi”.