Koronovirus öldürücüdür, amma… - Xəstəlik erkən bilinərsə qarşısı alınır – HƏKİM İZAHI

Azərbaycan sərhəddində koronavirusla bağlı hazırlıq tədbirləri gücləndirilib. Virus təhlükəsinin qarşısının alınması üçün ölkənin gömrük-sərhəd keçid məntəqələrində və hava limanlarında quraşdırılan termovizorların sayı açıqlanıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov bütün gömrük sərhəd keçid məntəqələrində və hava limanlarında ümumilikdə 67 ədəd termovizor mövcuddur. Azərbaycana gələn hər kəs bu termovizorlardan keçir.

Həkim -infeksionist Vüqar Cavadzadə "Şərq"ə açıqlamasında deyib ki, bu virus yeni deyil. Onun sözlərinə görə, virus ilk dəfə 1965 -ci ildə  tapılıb:

“Çində aşkarlanan   “2019-nCoV” koronavirusun yeni tipidir. Bu virus tez yayılma xüsusiyyətinə malik olduğundan yoluxanlar arasında çox sayda vəfat edənlər var. Ümumiyyətlə,  əhalinin sıxlığı çox olan  yerlərdə virus daha tez yayılır. Xəstəlik əsasən hava – damcı yol ilə yoluxduğu üçün Azərbaycana keçmə ehtimalı da istisna deyil. Lakin qabaqlayıcı tədbirlərin aparılması, əhalinin maarifləndirilməsi yolu ilə müəyyən qədər virusun yayılmasının qarşısını almaq mümkündür. Hazırda rəsmi olaraq Azərbaycanda heç bir xəstədə koronavirus aşkarlanmayıb. Əgər bu virus daşıyıcısı varsa belə, ölkəmizdə xəstəliyin diaqnostikası üçün   müasir aparatlar mövcudur. Bu yaxınlarda Azərbaycana gətirilən yeni “2019-nCoV” koronavirusunun  diaqnostik alətlər dəsti vasitəsilə ilə qısa müddət ərzində müəyyən olunması  mümkündür.  Həmçinin də koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlər gücləndirilib”. 



Vüqar Cavadzadə: “14 gün ərzində  həmin şəxslərdə yüksək temperatur, zökəm, qrip əlamətləri olmadıqda karantindən çıxarılır”


Həkim qeyd edib ki, bir neçə xəstəxanada  uşaqlar və böyüklər üçün  xüsusi yerlər ayrılıb:

“Kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib və icra da olunur". 

V. Cavadzadə təqdiredici hal kimi qeyd edib ki, gömrük-sərhəd keçid məntəqələrində və hava yolu, dəniz yolu  vasitəsilə ölkəyə daxil olan  şübhəli şəxslər  ciddi nəzarətə götürülür:

“14 gün ərzində  həmin şəxslərdə yüksək temperatur, zökəm, qrip əlamətləri olmadıqda karantindən çıxarılır”.

Həkimin sözlərinə görə, koronavirusa yoluxan xəstədə bu əlamətlər erkən aşkarlanacağı  təqdirdə  ölüm təhlükəsi  yoxdur: 

"Koronavirusun əlamətləri kəskin respirator virus  infeksiyaları ilə eynidir. Özündə qrip, zökəm, qızdırma əlamətlərini hiss edən xəstələr vaxtında həkimə müraciət edərsə, onun qısa zamanda  diaqnostikası aparılar və törətdiyi xəstəliklər adətən ağır gedişə malik olmur, tezliklə sağalır və heç bir ağırlaşma vermir. Virusa yoluxanların hamısı ölümə məhkum deyil ki…". 

Sosial şəbəkələrdə, həmçinin cəmiyyətdə  belə bir şayələr gəzir ki, koronavirus ABŞ labaratoriyalarında hazırlanıb qəsdən yayılıb. Bu barədə konkret məlumatlı olmadığını vurğulayan həkim zaman-zaman dövlətlərin viruslardan bioloji silah kimi istifadə etməsini istisna etməyib.