Elektron əşyaların qiyməti bahalaşacaq – Koronavirusa görə…

Çində dəhşətli koronavirusun yayılması digər sahələrə, o cümlədən iqtisadiyyata da təsir göstərib. Mövcud vəziyyətlə əlaqədər ölkədə elektron əşya istehsal edən əksər zavodlar bağlanıb. Nəticədə fəaliyyətini davam etdirən bir neçə zavod vəziyyətdən istifadə edərək qiymətləri bahalaşdırıb. 

Bu isə dünyada elektron əşyaların, o cümlədən telefonun qiymətinin artmasına şərait yaradır. Çünki texniki vasitələrin çoxu məhz Çində istehsal olunur. Yaranmış vəziyyətin Azərbaycan bazarına da təsir edəcəyi gözlənilir. 

Bu barədə “Sherg.az”a danışan iqtisadçı-ekspert Natiq Cəfərli düşünür ki, koronavirus iki-üç ay davam etsə, təkcə Azərbaycanda yox, digər ölkələrdə də elektron əşyaların qiyməti bahalaşacaq:

“Adətən mal idxal edən ölkələrin bir aylıq ehtiyatları olur. Düşünürəm ki, bu, bizdə də var. Amma təbii ki, koronavirus təhlükəsi qısa müddətə həll olunmasa, dünya dövlətləri iqtisadi çətinliklə üzləşəcək. Heç kimə sirr deyil ki, dünyanın əsas iqtisadi mərkəzlərindən biri Çindir. Son hadisə bunu bir daha təsdiqlədi”.



“Çünki Çin koronavirusa görə, bəzi ölkələrlə ticari əlaqələri müvəqqəti dayandırıb. Ya qiymətlər bahalaşmamış lazım olan cihazları almalıyıq, ya da koronavirus təhlükəsi sovuşana kimi gözləməliyik”


Ekspertin sözlərinə görə, vəziyyətdən yeganə çıxış yolu alıcıların öhdəsinə düşür: 

“Alıcılar təmkinli və soyuqqanlı olsalar, iqtisadi çətinlikdən zərərsiz çıxa bilərlər.  “Cənubi Koreya şirkətləri olan “Samsung” və “LG” bu yaxınlarda belə bir məlumat yaydı ki, məhsullarının qiymətini ucuzlaşdıracaq. Amma  Cənubi Koreya Çinlə rəqabət aparmaq gücündə deyil. Ona görə də gərək alıcılar diqqətli olsunlar. Ya qiymətlər bahalaşmamış lazım olan cihazları almaq, ya da bir müddət, daha doğrusu, koronavirus təhlükəsi sovuşana kimi gözləmək lazımdır”.