Ərdoğanın Kiyevdəki açıqlamaları Kremlin xoşuna gəlməyəcək - ŞƏRH

Türkiyə lideri gur səslə dedi ki, Krımın işğalını qəbul etmir və Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya rəsmi səfəri Ankaranın Moskva ilə münasibətlərinin gərginləşməsi dövrünə təsadüf edib. Ərdoğan Ankarada olduğu kimi Kiyevdə də Moskvanın ünvanına xəbərdarlıq mesajları göndərib. Siyasi şərhçilərin fikrincə, hadisələrin bu istiqamətdə inkişafı rəsmi Kiyevin maraqlarına cavab verir. 

Çünki Ukrayna Prezidenti Vladimir Zelenski birinci dəfə Türkiyəyə rəsmi səfər etdikdə, Ərdoğan Rusiya mövzusunda ehtiyatlı idi. Ancaq dövlət başçısı bu dəfə Ukraynaya istənilən dəstəyi verməyə hazır olduğunu bildirdi.

Türkiyə-Rusiya münasibətlərini “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloqun qənaətincə, Ərdoğanın Kiyevdəki açıqlamaları və təklifləri Kremlin xoşuna gəlməyəcək. Ancaq bu, Rusiyanın problemidir: 

“Kremlin müttəfiqi Belarus Prezidenti Aleksandr Lukaşenkonun Amerika ilə yaxınlaşması və Minskdə dövlət katibi Mayk Pompeonun qəbulu da Moskvanın xoşuna gəlmir. Ancaq bu, Minski narahat etmir. Lukaşenko lazım gələrsə, Amerika Prezidenti Donald Trampı da Minskdə qəbul edəcəyini bildirib. Rusiyadan asılı olan Minsk Kremldən müstəqil qərarlara həvəs göstərirsə, Türkiyənin regional maraqlarını nəzərə almayan Ankara niyə Kremlə boylanmalıdır? Ərdoğan gur səslə dedi ki, Krımın işğalını qəbul etmir və Ankara birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə lideri Ukrayna ilə münasibətlərdə krım tatarları amilinin də Ankara üçün önəmli olduğunu vurğuladı. Təsadüfi deyil ki, Ərdoğan Kiyevdə Krım tatarlarının lideri Mustafa Cəmiloğli ilə ayrıca görüşdü. Vladimir Zelenski Ankaranın tatarlara həssas yanaşmasını əlində rəhbər tutaraq Ərdoğandan Rusiyanın həbs etdiyi bir qrup Krım tatarının həbsdən azad olunmasında dəstək istədi”.



Politoloq: “Türkiyənin regional maraqlarını nəzərə almayan Ankara niyə Kremlə boylanmalıdır?!” 


E.Şahinoğlunun sözlərinə görə, Türkiyə Ukrayna ilə iqtisadi əlaqələri genişləndirməyi hədəfləyir: 

“Hazırda iki ölkə arasında ticarət mübadiləsinin həcmi 4 milyard dollardır. Ərdoğan bu rəqəmdən narazıdır və ticarət mübadiləsinin həcmini 10 milyard dolara çatdırmağı hədəfləyir. Ərdoğan Kiyevdəki çıxışında Ukraynada Türkiyə şirkətlərinə fəaliyyətləri üçün münbit şərait yaratdığına görə Zelenskiyə təşəkkür etdi. Türkiyənin Ukraynaya investisiyaları 3 milyard dollar civarındadır. Zelenski Ukrayna bazarını Türkiyənin müxtəlif şirkətlərinə açmağa hazırdır. Yeri gəlmişkən, Ukrayna prezidenti eyni sözləri Azərbaycana rəsmi səfəri zamanı Bakıda da demişdi. Türkiyə kimi Azərbaycan da Ukrayna bazarına maraq göstərir. Ərdoğanın Kiyevə səfərindən bir neçə gün əvvəl Ukrayna paytaxtında Ukrayna-Azərbaycan hökumətlərarası komissiyasının üzvləri toplanmış və ortaq layihələri müzakirə etmişdilər”.

Siyasi şərhçi əlavə edib ki, Türkiyə Ukrayna ilə hərbi əməkdaşlığı da genişləndirmək istəyir: 

“SSRİ dövründən Ukraynanın hərbi-sənaye kompleksi müxtəlif məhsulları ilə məşhurdur. Türkiyə bu məhsullara maraq göstərir. Bundan başqa Türkiyə Ukraynanın hərbi zavodlarına yatırım qoymağı da düşünür. İki dövlət Qara dəniz hövzəsinin təhlükəsizliyinin artırılması məqsədilə əməkdaşlığı genişləndirəcəklər. Ərdoğan Zelenskiyə təklif etdi ki, gələcəkdə Ukrayna Türkiyə üzərindən Azərbaycan qazını alsın. Ərdoğanın fikrincə, Ukrayna üçün Azərbaycan qazı Rusiya qazını əvəz edə bilər. Maraqlı təklifdir. Buna qədər Azərbaycan qazının TANAP boru xətti ilə Ukraynaya satılması müzakirə edilmirdi. Ərdoğan bu müzakirələrə start verdi”.