Sərnişindaşımada sürücü özbaşınalığı davam edir: “Əcəb edirəm, xoşun gəlmir, zəng elə...” – AKTUAL

Bu günlərdə sosial şəbəkələrdə yol hərəkəti qaydalarını kobud şəkildə pozan avtobus sürücüsünə dair foto yayılıb. Sürücünün fotosunu paylaşan sərnişin iddia edib ki, 40 nömrəli  99 JZ 235 dövlət nömrə nişanlı avtobusun sürücüsü telefonla danışa-danışa sərnişinlərlə dolu avtobusu yüksək sürətlə idarə edib. Sərnişinlər onun bu davranışından şikayət etdikdə isə sürücü onlara “əcəb edirəm, xoşun gəlmir, zəng elə, şikayət et, uzaqbaşı 50 manat cərimə yazacaqlar" - deyib.

Bu cür hadisələr ilk dəfə yaşanmır, yəqin ki, sonuncu da olmayacaq. Dəfələrlə sürücü-sərnişin münasibətlərindəki gərginliyin, sürücülərin kobud davranışının, eyni zamanda qayda pozuntularına yol verməsinin şahidi oluruq. Görünür, sürücülər cərimə ödəməklə canlarını qurtaracaqlarını düşünürlər. Ona görə də 50 manatın başından keçib istədiklərini edirlər. 



Ekspert: “Müvafiq müəssisə rəhbərləri belə neqativ hallara ciddi yanaşmalı, həmin sürücüləri işdən uzaqlaşdırmalıdırlar”


Hadisəni “Şərq”ə dəyərləndirən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti  Fərhad Eyyubov bildirib ki, ölkəmizdə keyfiyyətli sərnişin daşımalarının olması olduqca vacibdir. 

Ekspert qeyd edib ki, Bakı şəhərində bəzi məsələlər həllini tapsa da, müəyyən problemlər yenə də qalır: “Bu problemlərin mərkəzində sürücü amili dayanır. Ümumiyyətlə, avtobus sürücüləri üçün sərnişindaşıma həddindən artıq gərgin işdir. Sürücülər bir gündə təqribən 6-7 min əməliyyatı yerinə yetirirlər. Lakin bu o demək deyil ki, həmin əməliyyatları yerinə yetirərkən sürücülər aqressiv olmalı, vəzifələrinin öhdəsindən gəlməməlidirlər”. 

F.Eyyubovun sözlərinə görə, hər bir sürücünün öhdəlikləri, vəzifəsi və hüquqları var: 

“Peşəkar və etibarlı sürücü ilk növbədə öhdəliklərini və vəzifələrini dəqiq yerinə yetirib daha sonra hüquqlarını tələb edir. Hazırda elə avtobuslar var ki, onlar sahibkarlara məxsusdur. Mütəmadi olaraq kobud sürücüləri cəzalandırmaq və yaxud onlar haqqında ölçü götürəndə sahibkarlara xəbər vermək lazımdır. İnsan temperamentindən asılı olaraq aqressiv olanlar var. Belələrinə bir söz deyən kimi özündən çıxıb cavab qaytarırlar. Onlar müəyyən yerdə sürücü işləyə bilərlər, amma belələrinin sırf avtobuslarda işləməsi düzgün deyil. İnsanlarla ünsiyyət yarada bilməyən və sərnişinlərin təhlükəsizliyini təmin etməyənləri avtobuslara peşəkar sürücü kimi qəbul etmək olmaz. Zaman keçdikcə, ölkəmizdə peşəkar sürücülərin sayı artdıqca neqativ hallara yol verənlərin sayı azalacaq. Amma təəssüf ki, hazırda qeyri-peşəkar sürücülər var. Belə sürücülərlə bağlı ölçü götürmək üçün müəyyən qaynar xətlərə məlumat verib, hadisəni dəqiq araşdırmaq lazımdır. Bəzən olur ki, sərnişinlər də özlərindən asılı olmayaraq sürücülərə maneə törədirlər. Lakin baş verən hadisədəki kimi sürücü telefondan istifadə edərək avtobusu yüksək sürətlə sürürsə, onlar haqqında ciddi tədbir görülməlidir. Düşünürəm ki, bu cür neqativ hallarla bağlı müvafiq müəssisə rəhbərləri məsələyə ciddi yanaşmalı, birmənalı şəkildə həmin sürücüləri işdən uzaqlaşdırmalıdır. Belə hadisələrin başında şəhər nəqliyyatı mədəniyyətinin artırılması, sərnişin daşımalarında sürücülərin insanlarla ünsiyyəti dayanır. Bu hadisələr mütəmadi maariflənmə vasitəsilə aradan qaldırılmalıdır”.