"Avropa Şurası bizi özlərinin əlaltısı kimi görmək istəyir,  ancaq buna nail olmayacaqlar" - Siyasi şərhçi

"Avropa Şurasının Azərbaycan və Türkiyəyə qarşı qərəzinin və ikili siyasətinin arxasında dayanan əsas səbəb xristian dövlətləri olmamasıdır. Biz  Avropa ölkəsi olsaq da, heç vaxt  bizi o ailənin üzvü kimi qəbul etməyiblər". 

Bu sözləri Prezident İlham Əliyevi Avropa Şurası ilə bağlı tənqidi fikirlərini şərh edərkən siyasi  şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə Avropa Şurasına üzv olduqları dövrdə daim hədəf seçiliblər. Bu həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir: "Azərbaycan, Türkiyə özünü "ağıllı" hesab edən dövlətlərin çaldığı havaya oynamır, müstəqil siyasətlərini yeritdikləri üçün bizi həzm edə bilmirlər. Ona görə də  saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Prezident İlham Əliyevin  Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə toxunduğu məsələlər buradan qaynaqlanır.  Avropa Şurası dövlətəri bizi özlərinin əlaltısı kimi  görmək istəyir. Ancaq heç vaxt istəklərinə nail olmayacaqlar. Azəbaycan və Türkiyə daim bir - birinə dayaq olacaq və müstəqil siyasət yeridəcəklər". 
Siyasi  şərhçi hesab edir ki, Avropa başbilənlərinin digər ölkələrdəki qanun və insan haqları pozuntularına göz yumub, daim bizim üstümüzə gəlmələri göstərir ki,   Azərbaycan da, qardaş ölkə də öz müstəqil siyasətlərini yürütməkdə düzgün yol seçiblər: " Bəli, üstümüzə Avropası da, Amerikası da gələ bilər. Lakin bu, bizi yolumuzdan çəkindirməməlidir! Dövlətimizin maraqları bizim üçün hər kəsdən və hər şeydən, lap elə o Avropaya inteqrasiyadan hər zaman yüksəkdə durub, duracaq da. Azərbaycan müstəqi dövlətdir, heç kimdən asılı olmayan, xalqın iradəsinə əsaslanan müstəqil siyasət yürüdür, heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib və bundan sonra da öz prinsipial mövqeyində qalacaq".  

Qeyd edək ki,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul ededərkən çıxışında Avropa Şurasını sərt tənqid edib.