Hər gün 3 qəpik bahalaşma: Marketlər süni qiymət artımına gedir - ETİRAZ

Azərbaycanda fəaliyyət göstərən iri mağazalar şəbəkələrində gündəlik tələbat mallarının qiymətləri ilə bağlı ciddi narazılıqlar var. Məhsulların qiymətində hər gün  1-3 qəpik bahalaşmaların olduğunu vurğulayan vətəndaşlar deyib ki, ümumi bazarlıq zamanı kifayət qədər fərq ortaya çıxır. 

Bahalaşma yağın, süd məhsullarının, yumurtanın, təmizlik vasitələrinin, digər konservləşdirilmiş ərzaq məhsullarının qiymətində özünü göstərir.

İqtisadçı ekspert Fuad İbrahimovun "Şərq"ə  açıqlamasına görə, süni qiymət artımları monopolist qüvvələr tərəfindən həyata keçirilir: 



İqtisadçı: “Vətəndaşlarımız da öz borcunu yerinə yetirib, konkret faktlarla  aidiyyatı qurumları məlumatlandırsınlar”


"Marketlərdə qapanmış dairə sindromu var. Bazar iqtisadiyyatı azad sahibkarlığa əsaslandığından, dövlətin özəl şirkətlərə müdaxiləsi yolverilməzdir. Sahibkarlar  istədikləri məhsulu ölkəyə idxal edib, istədiyi  qiymətə satıb gəlir əldə etmək hüququna  sahibdirlər. Eyni zamanda topdansatış qiymətinə pərakəndə satış obyektlərinə satırlar, onlar da öz növbəsində üzərinə müəyyən bir qiymət qoyub vətəndaşlara satırlar. Bu cür qiymət artımlarının qarşısını almağın yeganə yolu sağlam rəqabət mühitini stimullaşdırmaqdır. Yaxşı olar ki, vətəndaşlarımız da öz borcunu yerinə yetirib, konkret faktlarla  aidiyyatı qurumları məlumatlandırsınlar. Ümumi şikayətlər, sosial şəbəkələrdə müzakirələr ciddi şikayət kimi qəbul edilmir". 

“Ölkədə qiymət artımı üçün real zəmin yoxdur”


Ölkədə qiymət artımı üçün real zəmin olmadığını vurğulayan ekspertin sözlərinə görə, inhisarda birinci dərəcəli qiymət diskriminasiyası düsturu var: 

“İnhisarçı baxır ki, hansısa bir məhsulun ondan başqa idxalçısı yoxdur və tələb də kifayət qədər çoxdur, ona görə də, maksimal dərəcədə xeyir götürmək üçün qiymətləri artırır. Son 3-4 ildə manatın məzənnəsi müəyyən qədər stabilləşib. Yəni manatın sabitləşməsi ilə bağlı ölkədə ərzaq məhsullarının və gündəlik istehlak mallarının qiymətinin bahalaşması üçün bir əsas da yoxdur. Deməli, sağlam rəqabət mühiti yoxdur deyə, süni qiymət artımı baş verir. Əgər bazara bir məhsuldan bir neçə çeşid daxil olsa, mağazalar istehlakçıların diqqətini çəkmək üçün həmin məhsulun daha ucuza satılmasında maraqlı olarlar".