Həkim: “Böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı çoxalıb”

Səhiyyə Nazirliyinin baş nefroloqu Fariz Babayev jurnalistlərə açıqlamasında deyib ki, son illər ölkədə böyrək köçürülməsi əməliyyatlarının sayı artıb. Onun sözlərinə görə, əgər 5 il əvvəl Azərbaycanda 89 böyrək köçürmə əməliyyatı aparılmışdısa, son beş ildə belə əməliyyatların sayı 500-ə yaxındır. 

F.Babayev həmçinin son dövrlər ucqar rayonlarda da belə xəstələrin sayının artdığını bildirib. 

Məsələ ilə bağlı Sherg.az-a fikirlərini bildirən tibbi elmləri doktoru, professor Adil Qeybullanın fikrincə, bu, həm də Azərbaycan həkimlərinə inamın artması ilə bağlıdır: 

“Əvvəllər həkimlərimizə inam az idi. Ona görə də insanlar belə əməliyyatlar üçün xarici ölkələrə üz tuturdurlar. Amma indi tibb sahəsində inkişaf  hiss olunur. Bizim müxtəlif xarici ölkələrdə təhsil alan, seminarlarda iştirak edən cərrahlarımız var”. 
Professor F.Babayevin dediklərini təsdiqləyib və vurğulayıb ki, insanlar arasında böyrək çatışmazlığı artmaqdadır: 

“Şübhəsiz ki, bu, sevindirici hal deyil. Lakin reallıqdır. İnsanlar böyrək çatışmazlığından əziyyət çəkirlər. Tələbat çoxaldığına görə əməliyyatların sayı da artır”.