Namizəd: “Texniki qüsurlar istisna olmaqla hansısa qanun pozuntusu müşahidə olunmayıb”

“Hələki seçkinin gedişatından razıyıq. Ümid edirik ki, bu seçkinin sonu da Lerik camaatının siyasi iradəsini əks etdirəcək”. Bunu Sherg.az-a açıqlamasında 78 saylı Lerik Seçki Dairəsindən deputatlığa namizəd Fərid Şahbazlı deyib. 

Namizəd vurğulayıb ki, Lerikdə hava həddindən artıq soyuqdur. Onun sözlərinə görə, havanın kəskin olması seçici fəallığına mənfi təsir göstərir: 

“Soyuq hava insanların nəqliyyat vasitəsi ilə seçki məntəqələrinə gəlməsinə, müşahidəçilərin prosesi izləməsinə imkan vermir. Elə kəndlər var ki, yolları çox bərbad vəziyyətdədir. Belə havada həmin kəndlərə heç bir nəqliyyat vasitəsi gedə bilmir. Buna rəğmən, seçiciləri təşviq edirik ki, səs verməyə gəlsinlər. Ümid edirik ki, vətəndaşlar səs hüquqlarından istifadə edəcəklər. Seçicilər mümkün qədər səs verməyə gəlirlər. Ancaq bizim seçki dairəsində proses normal gedir. Texniki qüsurlar istisna olmaqla hansısa qanun pozuntusu müşahidə olunmayıb. Məsələn, iki nəfərin bir kabinetə daxil olması faktı var ki, bunun da səbəbləri var. Çünki bəzən yaşlı insan səs verə bilmədiyi üçün yaxınlarının ona kömək etməsi zərurəti yaranır. Biri deyir “anama kömək edirəm”, digəri deyir “yaşlı atama yardım edirəm” və s. Amma bundan başqa ciddi qanun pozuntusuna rast gəlməmişik. Hamı istədiyi namizədə səs verir. Hava normallaşdıqca nisbətən seçki aktivliyi hiss olunur. Müşahidəçilərimiz 30-dan çox məntəqədə prosesləri izləyirlər”.