"Seçkilərdə iştirak etməsəm, səsim batacaq, bala" - REPORTAJ

Gənc seçici: "Nəticədən asılı olmayaraq seçkilərdə iştirak etmək hər birimizin vətəndaşlıq borcumuzdur"




 Bu gün Azərbaycanda növbədənkənar  parlament seçkiləri keçirilir. Səhər saat 8-dən başlayan seçki prosesində ümumilikdə 1314 nəfər deputatlığa namizəd  mandat uğrundan  mübarizə aparır.

Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq sakinlər qeydiyyatda olduqları rayonların müvafiq seçki məntəqələrinə üz tutaraq öz namizədlərinə səs verir, demokratik idarəçiliyin təmin olunmasında vətəndaşlıq hüquqlarından istifadə edirlər. Seçki prosesi ilə tanış olmaq  üçün Yasamal rayonundakı  16-cı seçki dairəsinin 11-ci seçki məntəqəsində olduq.

"Şərq"ə açıqlama verən məntəqə sədri Rəşad Cabbarov bildirdi ki, seçici fəallığı kifayət qədərdir. “Havanın soyuq olmasına baxmayaraq artıq  xeyli  sayda seçici məntəqəyə gələrək səs vermək hüququndan istifadə edib. Yəqin, axşama kimi sakinlərin əksəriyyəti seçkilərdə iştirak edəcəklər”.




 Gördüyümüz mənzərə də seçki sədrinin dediklərini təsdiqləyir. Seçicilər bir-bir, iki-iki gəlir, prosedur qaydaları yerinə yetirərək seçki bülletenlərini götürür, kabinlərdə öz namizədlərinin adını qeyd edərək, bülletəni şəffaf qutulara atırlar. Seçki qutusunun içərisindəki bülletenlərin sayı diqqətimi çəkir-saymaq mümkün olmasa da, hiss edilir ki, az deyil.

Rəşad Cabbarovun verdiyi məlumata görə, konkret seçki məntəqəsi üçün 1189 seçki bülleteni ayırılıb. Seçicilər bu dairədən qeydiyyata alınmış 20 müxtəlif namizəddən birinə səs verə bilərlər. 
 

Seçicilərin əksəriyyəti orta və yaşlı nəsil nümayəndəsi olsa da, onların  arasında gənclər də var. 19-20 yaşlarında bir gənc içəri daxil olur. Əməkdaşlar digərləri kimi onun da şəxsiyyət vəsiqəsini istəyir,  sənəddəki şəklin həmin seçiciyə aid oduğunu  müəyyənləşdirdikdən sonra  sol əlinin baş barmağını xüsusi cihaza toxundurmasını xahiş edirlər. Tələbə olduğunu düşündüyüm seçici  deyilənləri edir və digər əməkdaşlara - seçki üzvlərinə yaxınlaşır. Onlar da bu vətəndaşın  təcrübəsiz olduğunu güman edirlər. Oğlan sanki bunu hiss edirmiş kimi təbəssümlə deyir: “Həə, ilk dəfədir seçkilərdə iştirak edirəm”.


Səs vedikdən sonra ona yaxınlaşır, özümü  təqdim edirəm. Adının açıqlanmasını istəməsə də sualımıza cavab verir:

“Mümkün qədər çalışdım  ki, ən layiqli namizədə səs verim. Nəticədən asılı olmayaraq seçkilərdə iştirak etmək hər birimizin vətəndaşlıq borcumuzdur. Bundan sonra bütün seçkilərdə səs verəcəm”. 


  Foyenin sol tərəfində, seçki üzvləri ilə üzbəüz müşahidəçilər oturublar. Təxminən 10-a yaxın  müşahidəçi var. Çoxu diqqətlə ətrafı izləyir, seçicilərin hərəkətlərinə nəzarət edirlər. Hətta aralarından biri-nisbətən yaşlısı məni yanına çağıraraq kim olduğumu soruşur. Müxbir olduğumu deyir və əlavə edirəm: “Seçki prosesini işıqlandırmaq üçün gəlmişəm”. 

  Çəliklə gəzən yaşlı bir kişi içəri daxil olan kimi nəzərləri özünə çəkir. “Yəqin, vətəndaşlıq  mövqeyi  məhz  belə olur”- deyə, düşünürəm.  Söhbət  üçün yaxınlaşıram. Özünü təqdim  edərək təqaüdçü olduğunu bildirir. Əvvəl çox danışmaq  istəmir, ancaq “Dayı, bu küləkdə səs verməyə gəlmək çətin olmadı?” sualından sonra düşündüklərini səmimi formada dilə gətirir:




“Seçkilərdə iştirak etmək şərtdir, bala. Bu, havaya, ya başqa bir şeyə baxmır. Seçkilərdə iştirak etməsəm, səsim batacaq. Onun əvəzinə platformasını bəyəndiyium  namizədin seçilməsi üçün əlimdən gələni edərəm də. Əlimdəm gələn də ancaq budur-millətin gələcəyi üçün sözün əsl mənasında millətin vəkili olacaq şəxsi seçmək”.
 Gözü ilə əlindəki çəliyə işarə edir və uzaqlaşır. 

  Müşahidəçilər diqqətlərini yayındırmamağa çalışırlar. Ağsaqqal kişi ilə söhbətdən sonra müşahidəçilərin masası tərəfə gedirəm. Onlardan  birinə üzümü  tutur, seçki prosesi ilə bağlı məlumat verməsini xahiş edirəm. Hüseyn Əkbərov adlı müşahidəçi vəsiqəsini göstərir və sözə başlayır:

“Hələ ki, hər şey yaxşıdır. Heç bir qayda pozuntusu aşkar etməmişik. Təbii, demokratik seçkiyə zidd hansısa halı aşkar etdikdə qanuna uyğun tədbir görüləcək”. 

Etiraf etmək lazımdır ki, heç bir müşahidəçi kameralar qədər diqqətli ola bilməz. Məhz buna görə seçki məntəqələrinə həm də veb-kameralar quraşdırılıb.  Məntəqə sədri texniki təchizat  baxımından hər şeyin qaydasında olduğunu vurğulayır:
“Veb-kameralar işləyir. Hər şey, seçicilərin hər bir hərəkəti nəzarətdədir”. 

Daha 10  dəqiqə seçki məntəqəsində olur, qeydlərimi edirəm. Göründüyü qədərilə seçki prosesi şəffaf davam edir. Ümid edək ki, həqiqətən, belədir. Çünki söhbət parlament seçkilərindən - bir millətin, cəmiyyətin, ölkənin gələcək taleyindən gedir. 
  
 Seçki məntəqəsindən yenicə çıxmışdım  ki, səmada yenicə doğmağa hazırlaşan günəşin şüaları ilə üzümə xoş bir təbəssüm qondu, içim isindi. Qoy, Azərbaycan həmişə günəşli olsun!