“Seçkilərdə beynəlxalq müşahidəçilərin çoxluğu şəffaflığın göstəricilərindəndir”- Şərh



“Növbədənkənbar parlament seçkilərində dünyanın hər yerindən müşahidəçilər var idi və sayları kifayət qədər çox idi”.
Bu sözləri "Sherg.az"a siyasi şərhçi Tural İsmayılov bildirib:

“Seçkilərə böyük maraq vardı. Əhali hava şəraitinin pis olmasına rəğmən seçkilərdə aktiv iştirak etdi. İnsanların yeni Milli Məclisdən gözləntiləri böyükdür. Ona görə də bütün neqativ hava şərtlərinə rəğmən insanlar seçki məntəqələrinə axın edirdi. Seçkiləri dünyanın hər nöqtəsindən kifayət qədər ciddi siyasi qurumlar və təşkilatlar izləyirdi. Avropa Birliyi ölkələrindən, ATƏT, AŞPA və digər Qərb təsisatlarından müşahidələr aparılırdı. MDB müşahidə missiyası, Vietnamdan Meksikaya qədər fərqli coğrafiyalardan kifayət qədər müşahidəçi və jurnalist ölkəmizdə idi. Bu qədər müşahidəçi axını və marağı seçkilərin şəffaflığı və demokratikliyinə də şübhə yeri qoymur.

İnsanlar ölkədəki islahatlar kursuna dəstək olduqlarını nümayiş etdirdilər. Yeni Azərbaycan Partiyasının səs çoxluğu dediklərimizin sübutudur. Həmçinin, bu dəfə parlamentə düşən müxalifətçi millət vəkilləri də çoxdur. İstənilən halda, Azərnbaycan Parlamenti bundan sonra daha çevik və islahatlar kursuna adekvat şəkildə fəaliyyət göstərəcək.”

Sosial şəbəkələrdə yayılan bəzi görüntülərdən danışan politoloq qeyd edib ki, MSK bütün görüntüləri araşdıracaq:

“MSK rəhbərliyi də açıqladı ki, yayılan görüntülər araşdırılacaq. Seçki olan yerdə hansısa söz-söhbətlərin, bəzi yerlərdə problemlərin olması labüddür. Başqa ölkələrdə namizədlər bir-biriləri ilə yumruq davasına çıxırlar. Bizdə isə heç bir qeyri-adekvat görüntüylə qarşılaşmadıq. Bütün bunların fonunda, seçkilərin demokratikliyinə şübhə salmaq istəyən bəzi adamlar əlbəttə, təxribatlara da əl atacaq ki, bu da gözləniləndir və insanlar həmin dairələri artıq yaxşı tanıyırlar”.