Koronavirus bioloji silahdır? – Politoloqla həkimin “fikri haçalandı” - AKTUAL

Çində yayılan dəhşətli koronavirus haqqında müzakirələr davam etməkdədir. Bəzi dünya ekspertləri belə düşünürlər ki, koronavirus ABŞ tərəfindən istifadə edilən bioloji silahdır. Çinin ABŞ-dakı səfiri Tsuy Tyankay müvafiq bəyanatı rədd edib. 

Diplomat bildirib ki, şaiyələri qızışdırmaq və onları insanlar arasında yaymaq yaxşı davranış deyil. Onun fikrincə bu, sakinlər arasında təşvişə, irqi ayrı-seçkiliyə və ksenofobiyaya gətirib çıxara bilər. Həmçinin koronavirusla mübarizəyə mane olar. 

Məsələ ilə bağlı azərbaycanlı ekspertlərin fikirləri də fərqlidir. Siyasi elmlər doktoru Cümşüd  Nuriyev Sherg.az-a açıqlamasında bildirib ki, koronavirusun bioloji silah olma ehtimalı çoxdur:



Cümşüd Nuriyev: “Bütün mövcud  tezislər onu göstərir ki, koronavirus, həqiqətən, bioloji silahdır”


“Yayılan istənilən fərziyyədə müəyyən  həqiqət olur. Bu fikir  inandırıcıdır. Ona görə ki, Çin dünya bazarında ABŞ üçün ciddi rəqibə çevrilmişdi. İkinci bir tərəfdən isə ABŞ uzun müddətdir dünya ölkələrindən, o cümlədən Çindən qan nümunələri yığırdı. Niyə? Çünki yerli əhalininin qanını analiz edərək, insanların orqanizmini zəhərləyəcək maddə axtarırdı. Çində virusa yoluxanlarla ölənlər arasındakı kəskin fərq də bu işdə hansısa bir müəmmanın olduğunu təsdiqləyir”. 

Politoloqun fikrincə, yayılan fikrin  doğruluğuna zəmin yaradan bütün arqumentlərə baxmayaraq, bu, hələ ki, ehtimal olaraq qalır: 

“Bütün mövcud  tezislər onu göstərir ki, koronavirus, həqiqətən, bioloji silahdır. Məqsəd isə Çini zəiflətməkdir. Lakin heç kim əminliklə danışa, həmin ehtimalı nə təsdiq, nə də təkzib edə bilər. Yəqin, yaxın vaxtlarda ABŞ-ın reaksiyaları bir çox qaranlıq məqamlara aydınlıq gətirəcək”. 



Həkim: “Məsələyə siyasi çalarlar qatmaq düzgün deyil”


Həkim-allerqoloq Şahvələd Məmmədov isə  yayılan məlumatların  həqiqətə  uyğun olmadığı qənaətindədir. O, düşünür ki, məsələyə siyasi çalarlar qatmaq düzgün deyil: 

“Məsələdən kifayət qədər məlumatlıyam. Mənə elə gəlir ki, dünya dövlətləri arasında ciddi mübarizə politoloqları bu iddiaya  inandırır. Ancaq ABŞ nə üçün bütün dünyanı təhlükə altında qoyub, sonra da şübhələri öz üzərinə çəkməlidir? Həm də virusun epidemik xüsusiyyətləri, yoluxma yolları müəyyənləşib. Odur ki, məsələni siyasiləşdirməyə ehtiyac yoxdur”.