Məntəqə sədri Elza Seyidcahanı döydü: Əməkdar artist xəstəxanaya çatdırılıb - VİDEO - ÖZƏL

54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən deputatlığa namizəd, əməkdar artist Elza Seyidcahan məntəqə sədrlərindən biri tərəfindən döyülüb.  Bu haqda Sherg.az-a müğənninin özü məlumat verib. Seyidcahan bildirib ki, hazırda vəziyyəti ağırlaşdığı üçün 1 saylı Şəhər Klinik Xəstəxanasına aparırlar: 

Əməkdar artistin köməkçisi və seçkilərdə səlahiyyətli nümayəndəsi olan Elxan adlı şəxs əməkdaşımızla söhbətində bildirib ki, seçki günü, məntəqələrindən birinin sədri (adını dəqiq xatırlamır, sənədlərdə dəqiqləşdirib məlumat verəcək - red) küt alətlə namizədin ayağından-əlindən xəsarət yetirib. 

Köməkçi onu da qeyd edib ki, müğənninin bacısı Mehriban xanım da 13 saylı məntəqənin sədri tərəfindən daha ağır fiziki xəsarətlərə məruz qoyulub.

Seyidcahanın bacısı həmin məntəqədə müşahidəçilik edirmiş. Saxtakarlığı görən Mehriban xanım buna etiraz edəndə məntəqə sədri bir neçə dəfə ona hücum edib, sonda təpikləyərək ağır xəsarətlər yetirib. Qarın nahiyyəsindən bir neçə zərbə alan qadın, huşunu itirib. O hazırda xəstəxanada müayinədən keçirilib, müalicə alır. 

Seyidcahanın köməkçisi onu da bildirib ki, Şabran rayon Təcili Yardım Stansiyasına müraciət edilsə də, ona kömək etməkdən imtina olunub. Bu barədə hüquq-mühafizə orqanlarına da Mərkəzi Seçki Komissiyasına da rəsmi müraciət ediləcək.