Marşrut sistemində yenilik: Dispeçer xidməti effekt verəcək - ŞƏRH

Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda yeni sistemin tətbiqinə başlayıb. Artıq Mərkəzi Dispetçer Xidmətindən avtobus sürücülərinə zəruri məlumatlar ötürüləcək.

Sürücülər onlara Mərkəz tərəfindən ötürülən yazılı və ya səsli məlumatları avtobuslardakı "sürücü ekranı" cihazları vasitəsilə əldə edir. Hava şəraiti ilə bağlı sürücülərə yol hərəkətinin təhlükəsizliyi baxımından vacib olan təlimat xarakterli mesajlar göndərilib.

Yeni sistemlə bağlı Sherg.az-a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti  Fərhad Eyyubov bildirib ki, müntəzəm sərnişindaşıma hallarında Mərkəzi Dispetçer Xidməti çoxdan təşkil olunub:



Ekspert: “Bu xidmətin maşrutlarda quraşdırılması, həm də sərnişinlərin sistemə riayət etməsi və sürücülərə şərait yaratması, eyni zamanda sürücülərin maarifləndirilməsi lazımdır”


“Ölkəmizdə də neçə illərdir ki, İntellektual İdarəetmə Mərkəzi var. Həmin mərkəzi Mərkəzi Dispeçer Xidməti üçün yaratdılar. Çünki mərkəz vasitəsilə xüsusi informasiyalar- yolda olan münətəzəmliyin müəyyən olunması, yolda olan hərəkət qaydalarına əməl edilməsi, təhlükəsizlik problemlərinin həll olunması  sürücülərə ötürülürdü. Təəssüf ki, bu sistem yaxşı işləyə bilmədi. Çünki İntellektual İdarəetmə Mərkəzi ilə Mərkəzi Dispetçer Xidməti həm nəzəri, həm də praktiki cəhətdən bir-biri ilə qarşılıqlı işləməlidir. Lakin bu məsələlər özünü təsdiq etmədi. Ona görə də bəzi avtobuslarda Mərkəzi Dispeçer Xidmətini tətbiq etmək istəyirlər. Dispeçer xidməti müəyyən qədər effekt verəcək. Amma bunu çox geniş formada tətbiq etmək lazımdır. Yəni, bu xidmətin maşrutlarda quraşdırılması, həm də sərnişinlərin sistemə riayət etməsi və sürücülərə şərait yaratması, eyni zamanda sürücülərin maarifləndirilməsi lazımdır. Çünki elə sürücülər var ki, bu məsələlərə laqeyd yanaşırlar”.

Ekspertin fikrincə, Mərkəzi Dispeçer Xidməti ilk növbədə kart sistemi olan avtobuslarda yaxşı işləyəcək:

“Kart sistemi olmasa, sürücülər dispeçer xidmətini işlədə bilməyəcək. Çünki onlarda maddi maraq güclü olur. Kart sistemində maddi maraq olmadığı üçün sürücülər keyfiyyətə, təhlükəsizliyə fikir verirlər. Dispeçer xidmətini işlədə biləsələr çox yaxşıdır, amma bunun əsas çətinliyi odur ki, müntəzəmlik üçün ləngimələr zamanı müəyyən problemlər əmələ gəlir. Belə olduqda isə nəqliyyat prosesində, daşımalarda neqativliklər meydana çıxır. Ona görə də yeni sistemə elmi cəhətdən yanaşmaq lazımdır. Sərnişin daşımaları və təhlükəsizliyi üçün elmi cəhətdən əsaslandırma vacibdir”.