Xarici İşlər Nazirliyi seçkilərlə bağlı bəyanat yaydı

2020-ci il fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Seçkilər Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və Azərbaycanın beynəlxalq öhdəliklərinə tam uyğun olaraq baş tutub.

Bu barədə Milli Məclisinə keçirilmiş seçkilər ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilib ki, ölkə boyu 5573 seçki məntəqəsi yaradılıb və Mərkəzi Seçki Komissiyasının ilkin məlumatına əsasən seçicilərin 47.81 faizi səsvermədə iştirak edərək öz səsvermə hüququndan istifadə edib.

Ermənistan təcavüzü nəticəsində Azərbaycanda mövcud 125 seçki dairəsindən 7-nin ərazisinin tamamilə, 3-nün isə qismən işğal edilməsi səbəbindən, həmin ərazilərdən didərgin salınmış daxili məcburi köçkünlərin konstitusion səsvermə hüquqlarından istifadə etmələri üçün ölkə boyu 523 seçki məntəqəsi yaradılıb. Bu, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının 29 yanvar 2020-ci il tarixli aralıq hesabatında əks olunub. Azərbaycanın işğal olunmuş ərazilərindən olan və doğma yurdlarında səsvermədən məhrum olan məcburi köçkünlərimiz öz səsvermə hüquqlarını onlar üçün təşkil edilmiş bu seçki məntəqələrində həyata keçiriblər.