Ev almaq istəyənlərə müjdə... - Mənzil bazarında qiymətlər stabilləşib

“Sosial evlər layihəsi və kirayə evlərin güzəştli satışı aztəminatlı ailələrin mənzil probleminin həllinə dəstək oldu. Həm də qiymətin stabilləşməsinə gətirib çıxardı”. Bunu “Şərq”ə açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov deyib. 

Ekspert bildirib ki, 2015-2018-ci illərdə daşınmaz əmlak bazarında ciddi qiymət artımı müşahidə olunurdu. Bu tendensiya ilə 2019-cu ildə də mənzil bazarında qiymətlər yüksək olmalı idi: 

“Sosial evlər layihəsi ilə bu artımın qarşısı alındı. Bazardakı tələb və təklifin müəyyən bir hissəsini dövlət öz üzərinə götürdü. Bu da bazarda qiymətlərin stabilləşməsinə səbəb oldu. Azərbaycan bazarında daşınmaz əmlak bazarının tutumu çox kiçikdir. Əlavə yük bazar qiymətlərinin artmasına və azalmasına kifayət edir. Məsələ ondadır ki, hamı ev probleminin tezliklə həll olunmasını istəyir. Amma ölkə iqtisadiyyatı mənzil çatışmazlığını bir-iki gündə həll etmək gücündə deyil. Bu, həm maliyyə, həm də dayanıqlılıq baxımından mümkünsüzdür. Çünki bazar çox kiçikdir. Kiçik bazarı isə həddindən artıq yükləmək olmaz”.
 


İqtisadçı vurğulayıb ki, bazarda yüksək, orta və aşağı ödəmə qabiliyyətli alıcılar var: 


“Əvvəlcə əlində pul olanların mənzil ehtiyacını ödəyirlər. Sonra orta və aşağı ödəmə qabiliyyəti olan alıcıların işini həll edirlər. Banklara və ipoteka fonduna müraciət olmayanda və tikilmiş hazır mənzillər şirkətlərin əlində qalanda isə keçirlər cibində 1 manat da pul olmayanlara. Yəni demək istəyirəm ki, cəmiyyətdəki mənzil problemi tədricən həll olunur. Ölkə iqtisadiyyatı birdən-birə hamının problemini həll etmək gücündə deyil”.