Fələstin gözəl şans əldə edib - ŞƏRH


Trampın “Əsrin müqaviləsi” planına görə, Şərqi Qüds “Fələstin dövləti”nin paytaxtı elan oluna bilər



ABŞ-ın İsraildəki səfiri Devid Fridman bildirib ki, İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı hazırlanmış “Əsrin müqaviləsi” planı tamamlanmadan təktərəfli hərəkət edilərsə, Tel-Əviv ABŞ-ın dəstəyini itirəcək. Fridman vurğulayıb ki, ortaq komissiyanın müəyyən edəcəyi xəritə olmadan Qüdsün ilhaqı icra edilməməlidir: “Komissiyanın işi bitmədən həyata keçiriləcək təktərəfli hər hansı prosedur, zəbtetmə ABŞ-ın bu ilhaqı tanımasına maneə yarada bilər”. 

Səfir komissiyanın yekun qərarının 2 martdan tez verilməyəcəyini vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl Amerika Prezidenti Donald Tramp Tvitter hesabında “Əsrin müqaviləsi”nə uyğun olaraq yeni Fələstinin xəritəsini paylaşıb. Yeni xəritəyə əsasən, Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq. Tramp bəyan edib ki, “Əsrin müqaviləsi” adlı plan 80 səhifədən ibarətdir və Yaxın Şərq üçün ən yaxşı sənəddir. 



“Fələstin hakimiyyəti təklifin əleyhinə çıxarsa, İsrailin birtərəfli qaydada planı həyata keçirmək haqqı var. O zaman ABŞ da buna mane olmayacaq”


Vaşinqtonun İsrail-Fələstin məsələsi ilə bağlı mövqeyini “Şərq”ə təhlil edən Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev hesab edir ki, Donald Trampın “Əsrin müqaviləsi” təklifi münaqişənin real həlli üçün ən ideal variantdır. 

Analitikin sözlərinə görə, Fələstin lideri Mahmud Abbasın bu təklifə sərt reaksiyası problemin həllinə bilərəkdən maneçilik törətməkdir: “Radikal dini qruplaşmaların təsir dairəsində olan bölgə yəhudi və ərəblərin birgə yaşayış məkanına çevrildiyi gündən İsrail üçün təhlükə ocağına çevrilib. Bu səbəbdən israillilər təhlükəsizlik baxımından beynəlxalq hüquqa zidd olsa da, önləyici tədbirlər görməyə məcbur olublar. Hazırda İsraildə yüz minlərlə fələstinli bu dövlətin bütün imtiyazlarından istifadə edərək firavan həyat tərzi sürür. Fələstində ərəblərin inkişaf perspektivi çox aşağıdır. Buna baxmayaraq, İsrail dövləti fələstinlilər üçün dövlət haqlarını tanımaqda maraqlıdır. İsrail fələstinli ərəblərə arzu etdikləri dövləti qurmaq haqqını tanımaq istəyir”. 

Politoloq hesab edir ki, Trampın təklifi ərəblər tərəfindən dəstəklənməsə, İsrail birtərəfli qaydada problemin həlli üçün hərəkətə keçə bilər: 

“Qüdsün həm də “Fələstin dövlətinin” paytaxtı ola biləcəyi layihənin tərkib hissəsidir. Bu təklifə görə Şərqi Qüds “Fələstin dövləti”nin paytaxtı elan oluna bilər. Fələstinlilər nəhayət öz dövlətlərini qurmaq üçün gözəl şans əldə ediblər. Onlar “Əsrin müqaviləsi”ni düzgün dəyərləndirərək plana öz dəstəyini verməlidir. Bu fürsət bir daha onların əlinə düşməyə bilər. İsraillilər Qüdsü bölüşməyə hazırdırsa, bu, sülh üçün ən böyük güzəştdir. Fələstin hakimiyyəti sülh müqaviləsi üçün təklif olunan konrtaktın əleyhinə çıxarsa, o zaman İsrailin birtərəfli qaydada planı həyata keçirmək haqqı var. O zaman ABŞ da buna mane olmayacaq”.