Çaşqınlıq yaranır: Hərə istədiyi kimi bir piyada keçidi çəkməməlidir



Bəzi piyada keçidlərinin düzgün çəkilməməsi ölüm hadisələrinə də səbəb olur 



Yol-hərəkəti qaydalarındakı mövcud  nöqsanlar ciddi problemlərə səbəb olsa da, indiyə kimi həll olunmamış qalır. Xüsusilə, piyada keçidləri sürücülərlə piyadalar arasında anlaşılmazlığa səbəb olur. Belə ki, bir piyada keçidindən 10-15  metr sonra yenisi çəkilir. 

Nəticədə sürücülər yeni çəkilmiş keçiddə piyadalara yol verir, piyadalar  isə  köhnə keçiddən  istifadə edirlər. İllərdir, davam edən problemlə bağlı nəqliyyat eksperti Elməddin Muradlı ilə əlaqə saxladıq.

O, “Sherg.az”a bildirib ki, yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri də budur. Ona görə də məsələ birdəfəlik həll yolunu tapmalıdır:

“Piyada keçidləri ən aktual problemlərdən biridir. Belə hallar paytaxtın bir çox ərazilərində, o cümlədən İnşaatçılar prospektində və  Mir Cəlal küçəsində var. Mir Cəlal küçəsində vəziyyət daha bərbaddır. Təsəvvür edin,  magistral yolda əvvəllər 10 piyada keçidi var idisə, sonradan onların yerini dəyişiblər. Nəticədə piyada keçidlərinin sayı iki dəfə artıb. Əlbəttə, sürücü ilə piyada arasında çaşqınlıq yaranacaq. Sürücü  hər 10 metrdən bir əyləci basa bilməz axı.  Nə də piyadaya başa salmaq olur ki, solğun keçid artıq ləğv olunub. Düzdür, ağ boyanı tamamilə silmək çox çətindir. Yeganə çıxış yolu asfaltı qazmaqdır. Amma daha yaxşı olar ki, səlahiyyətli qurumlar daha diqqətli işləsinlər”. 



Elməddin Muradlı: “Otaqda oturub piyada keçidinin harada, necə çəkiləcəyini demək olmaz. Bu, zolaqlardan  ibarət ağ xətt deyil, insanların təhlükəsizliyini qoruyan vasitədir” 


Ekspertin qənaətincə, piyada keçidlərini çəkərkən dünya təcrübəsindən yararlanmaq lazımdır. Piyada keçidlərini təsadüfi olaraq çəkmək düzgün deyil:

“Otaqda oturub piyada keçidinin harada, necə çəkiləcəyini demək çox absurddur. Təəssüflər olsun ki, bizdə çox vaxt belə edirlər. Halbuki  nə Avropada, nə də qonşu Türkiyədə belədir. Məsələn, Türkiyədə piyada keçidi çəkilməzdən əvvəl yerə ot örtüyü səpilir. Bir müddətdən sonra ot örtüyünə baxış keçirilir, harda daha çox ayaq  izi varsa, “zebra” da orda çəkilir. Yəni piyada keçidi çəkilərkən insanların daha çox yolun hansı hissəsindən istifadə etdikləri nəzərə alınmalıdır. Hərə istədiyi kimi bir piyada keçidi çəkməməlidir”. 

E.Muradlı onu da vurğulayıb ki, piyada keçidlərinin yerinin dəyişməsi çox vaxt vətəndaş şikayətləri və məsul qurumların öz səhvlərini başa düşmələri nəticəsində olur: 

“Adətən ya piyadalar, ya da sürücülər müvafiq qurumlara müraciət edərək piyada keçidinin düzgün çəkilmədiyini əsaslandırır və “zebra”nın yerinin dəyişilməsini tələb edirlər. Bəzən də məsul qurumlar səhvlərini anlayırlar. Ancaq iş işdən keçmiş olur. Əksinə, vəziyyət daha da bərbad hala düşür. Necə deyərlər, “sonrakı peşmanlıq fayda verməz”. Ona görə də səlahiyyətli qurumlar bilməlidirlər ki, piyada keçidi sadəcə bir neçə zolaqdan  ibarət olan  ağ xətt deyil, həm də insanların həyat təhlükəsizliyini qoruyan vasitədir”.