Elman Nəsirov: “Seçkilər çox şəffaf və demokraitk şəraitdə keçirildi”

“9 fevralda Azərbaycanda keçirilən parlament seçkiləri demokratik inkişaf yolunda növbəti addım idi”.  Bunu Sherg.az-a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizəd, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib. Deputat seçilən E.Nəsirov vurğulayıb ki, Cəlilabadda keçirilən seçkilərdə çox böyük seçici fəallığı var idi: 

“Baxmayaraq ki, qar yağmışdı, şaxtalı hava idi, amma insanların səsvermədə böyük növbəsi əmələ gəlmişdi. Hava şəraitinin pis olmasına baxmayaraq, seçicilər fəallıq nümayiş etdirirdilər. Hətta kişilər öz növbəsini qadınlara verirdi ki, xanım seçicilər soyuq havada çox durmasınlar. Birmənalı söyləmək lazımdır ki, seçkilər çox şəffaf və demokraitk şəraitdə keçirildi. 883 beynəlxalq müşahidəçi Azərbaycandakı seçkiləri müşahidə etdi. Onların mütləq əksəriyyəti seçkilərin şəffaf şəkildə baş tutduğunu, ciddi qanun pozuntularının yaşanmadığını qeyd etdilər. Lakin müxalif dairələr hər zaman olduğu kimi yenə də narazı qaldılar. Əslində bu, gözlənilən idi. Çünki müxalifət heç vaxt öz uğursuzluğunu, səhvini dərk etməyib. Həmişə başqasını ittiham edib. Halbuki onların sosial bazası olduqca məhduddur”. 

E.Nəsirovun sözlərinə görə, xalq birmənalı olaraq Yeni Azərbaycan Partiyasına və onun namizədlərinə dəstək verir: 

“Bu da təsadüfi deyil. YAP-ın rəhbəri ölkə lideri cənab İlham Əliyevdir. Məhz dövlət başçısının rəhbərliyi altında ölkəmizdə böyük və dərinləşən islahatlar həyata keçirilir. Xalq sosial rifahını yüksəldən ölkə başçısının siyasətinə və YAP-ın namizədələrinə səs verir. Hakim partiyanın artıq 69 namizədi digər rəqiblər arasında liderdir. Yeni Azərbaycan Partiyası 1993-cü ildən bəri bütün seçkilərdə qalib gəlib və davamlı qalibiyyət səlnaməsinə imza atıb. Növbədənkənar parlament seçkiləri də bu baxımdan istisna təşkil etmədi”.