Sakit və demokratik seçki: Beynəlxalq təşkilatların rəyi müsbətdir - ŞƏRH

“Parlament seçkilərində beynəlxalq təşkilatların ilk qənaəti belə oldu ki, Azərbaycanda seçkilər kifayət qədər demokratik və şəffaf keçirilib”. Bu sözləri Sherg.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor qeyd edib ki, xarici nümayəndələrin “exit-poll” nəticələri ilə MSK-nın hesabları üst-üstə düşüb:

“Xarici təşkilatların Beynəlxalq Seçki Müşahidə Missiyasının rəyləri ölkəmizdə demokratik və şəffaf seçkinin başa çatdığı haqqında fikir bildirməyə əsas verir. Sözsüz ki, bütün seçkilərdə problemlər olur. O yerdə ki, insan faktoru var, orada hər hansı bir formada neqativ hallar baş verir. 9 fevraldakı seçkilər də kifayət qədər şəffaf və demorkatik ab-havada keçdi. Seçicilər öz rəyləri ilə dairələr üzrə millət vəkillərini seçdilər”. 

B.Quliyevin sözlərinə görə,  seçki prosesi zamanı xətalar cəmi bir neçə faiz oldu:

“Müxtəlif dövlətlərin müşahidəçiləri və beynəlxalq təşkilatlar ölkəmizdə seçkinin çox yüksək səviyyədə, eyni zamanda ictimai fəallıqla başa çatdığını bildiriblər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının rəyi heç də tənqidi olmadı. 



Bəhruz Quliyev: “Aqressiv beynəlxalq təşkilatlar belə Azərbaycanda normal və demokratik seçkilərin keçirilməsi haqqında fikirlərini səsləndiriblər”


Bilirik ki, adı çəkilən qurumlar başqa ölkələrdə seçkiləri ən sərt tənqid edən təşkilatlardır. Bu qurumlar seçkinin yaxşı təşkil olunması, seçicilərin rahat səs verməsi və namzidələrin sayının ötən seçkilərdən iki qat artıq olması ilə bağlı maraqlı məqamları qeyd ediblər. Heç bir dövlətdə ideal seçki yoxdur. Onlar bunu bildikləri üçün çatışmayan məqamları da qeyd etdilər. Amma ən çox müsbət rəylər olduğunu vurğuladılar. Bu da onu göstərir ki, aqressiv beynəlxalq təşkilatlar belə Azərbaycanda normal və demokratik seçkilərin keçirilməsi haqqında fikirlərini səsləndiriblər. 

Sözsüz ki, müxalifət qeyd etdiyimi qurumların bəynatlarının neqativ tərəflərinə daha çox üstünlük verirlər. Onsuz da müxalifət qrupları hər zaman ölkəmizdə müxtəlif tədbirlərin, siyasi hadisələrin və seçkilərin keçirilməsi ilə bağlı tənqidi məqamları qabardıblar. Ümumilikdə beynəlxalq təşkilatların müsbət rəylə çıxış etməsi bizi sevindirir”.
 
Qeyd edək ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyası (BSMM) ölkəmizdəki parlament seçkiləri ilə bağlı qənaətlərini açıqlayıblar. Hesabatda bir sıra müsbət məqamlar yer alıb.