Seymur Orucov: “Şikayətlərin az olması Azərbaycanın seçki prosesində öz təcrübəsini inkişaf etdirdiyini göstərdi”

“Bu seçkilər Azərbaycan tarixində ən şəffaf və demokratik seçki kimi qalacaq”. Bunu Sherg.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP rəsmisi bildirib ki, seçkilərlə bağlı şikayətlərin az olması Azərbaycanın seçki prosesində öz təcrübəsini inkişaf etdirdiyini göstərdi: 

“Azərbaycan seçki prosesini və seçki məcəlləsini təkmilləşdirib. Ölkəmizdə beynəlxalq standartlara cavab verən seçkilər keçirilməsi də buna dəlalət edir. Bəllidir ki, seçkidə rekord sayda namizəd qeydə alınmışdı və hər namizəd öz gücünü, platformasını ortaya qoymuşdu. Xalq aktiv formada səsvermədə iştirak edərək layiq bildiyi namizədi seçdi. Bütün proseslər beynəlxalq müşahidəçilərin gözü qarşısında baş verdi. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada seçki prosesi qüsursuz baş tutsun. Ola bilsin, bizdə də hansısa məntəqədə kiçik problemlər olub. Ancaq bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edilib və MSK həmin müraciətləri dərhal araşdıraraq nəticəni media qurumlarında paylaşıb”. 

S.Orucovun sözlərinə görə, kiçik qüsurlar seçkinin ümumi yekununa təsir etməyəcək səviyyədədir: 

“Dövlət başçısının vurğuladığı kimi əgər seçkidən narazı qalan namizədlər və seçicilər olsaydı, onlar hansısa formada narazılıqlarını ifadə edərdilər. Lakin biz bunun şahidi olmadıq. Seçkilər demokratik və şəffaf şəraitdə baş tutdu. Bu, Azərbaycanın demokratiya yolunda əldə etdiyi növbəti nailiyyətdir. Beynəlxalq müşahidəçilərin müsbət rəyləri də bunu deməyə əsas verir. Bu münasibətlə bütün qalibləri, xüsusən YAP-ın namizədlərini və onların içində gənc olanları səmimi qəlbdən təbrik edirəm”.