Elman Məmmədov: “Xarici qurumların ölkəmizdəki seçkilərə verdiyi qiymət olduqca yüksəkdir”

“9 fevral seçkilərində həm xarici, həm də yerli müşahidəçilər iştirak edirdi. Xarici qurumların ölkəmizdəki seçkilərə verdiyi qiymət olduqca yüksəkdir”. Bu fikirləri Sherg.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Deputat qeyd edib ki, Azərbaycanda şəffaf və demokratik seçkilərin keçirilməsinin bir daha şahidi olduq:

“Müəyyən məqamları çıxmaq şərti ilə, xarici təşkilatların söylədikləri ədalətlidir. Seçki elə bir prosesdir ki, hansı ölkədə keçirilsə keçirilsin, orada müəyyən qədər nöqsanlar və qanun pozuntuları ola bilər. Bu zaman MSK və digər aidiyyəti qurumlar araşdırma aparırlar. Lazım gələndə cəzalandırırlar və qanuna uyğun qərarlar qəbul olunur. Ümumilikdə ölkəmizdə keçirilən parlament seçkilərinin hazırlığı, keçirilməsi demokratik və şəffaf oldu. Beynəlxalq qurumlar da gəlib prosesi müşahidə elədilər, sözlərini dedilər. Bu qurumlar şahid oldular ki, xüsusilə seçiciləri məcburi köçkünlərdən ibarət olan dairələrdə seçkilər yüksək səviyyədə keçirildi. Ermənilər tərəfindən hüquqları pozulmuş insanların seçki hüquqları yüksək səviyyədə təmin olundu. Arzu edərdim ki, ATƏT və başqa beynəlxalq qurumlar 30 ildən artıq işğal altında olan torpaqlarımızla və Ermənistan tərəfindən pozulmuş hüquqlarımızla bağlı da diqqətli olsunlar və məsuliyyətli yanaşma sərgiləsinlər”.