Gülsatan qız...- Bakıda əllərində salfetka, tum satan uşaqların sayı kifayət qədərdir



“Uşaq 15 yaşına kimi əməyə cəlb edilməməlidir, vəssalam. Ailənin sosial durumu ilə ölkənin aidiyyəti orqanları məşğul olmalıdır”



Sosial şəbəkələrdə azyaşlı qız uşağının axşam saatlarında paytaxtın Nizami küçəsində gül satarkən görüntüləri yayılıb. Görüntülərdə adının Aysu olduğunu deyən azyaşlı, atasının xəstə olduğunu, ona isə anasının baxdığını bildirib. 

Videoda ailədə 4 uşaq olduqlarını deyən Aysu satdığı güllərin pulunu atasının iynə-dərmanına xərclədiklərini deyir. Görüntülərdə balaca qız ailəsinə kömək edə bildiyi üçün çox sevindiyini dilə gətirib.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyi yaşı 15-dən az olan şəxslərin işləməsinə icazə vermir. Videodakı qız uşağının isə 8-9 yaşı ancaq olar. Onun  axşam saatlarında şəhərin küçələrində ticarətlə məşğul olmağı həm qanuna ziddir, həm də təhlükəlidir. Videodan da aydın göründüyü kimi balaca qız ailəsinin imkansızlığı səbəbindən Nərgiz gülü satmaqla pul qazanır.  Aysunun taleyi aidiyyəti  qurumları düşündürməlidir. 

Əksər insanlar uşaqların satdığı məhsuldan almaqla, göstərdiyi xidmətdən yararlanmaqla onlara yardımçı olduğunu düşünür. Lakin mütəxəssislər bu addımın yanlış olduğu qənaətindədirlər.



Yusif Bəkirov: “Azyaşlılar işə cəlb olunanda ilk növbədə təhsildən qalırlar ki, bu da gələcəkdə nadanlığın, savadsızlığın yaranması təhlükəsini yaradır” 


Uşaq Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirovun sözlərinə görə, uşaq hüquqlarının müdafiəsi yönündə bir sıra tədbirlər həyata keçirilsə də, uşaq əməyinin istismarı hallarına hələ də rast gəlinir.  Şəhərdə əllərində  gül, salfetka, tum   satan uşaqların sayı kifayət qədərdir:  

"Biz bilmirik  uşaq həqiqətən ailəsinə kömək etmək üçün çarəsizlikdən uşaq yaşlarından küçə-küçə gəzərək bu işlə məşğul olur, ya sadəcə uşaq əməyinin istismarı ilə məşğul olan cinayətkarlar tərəfindən işlədilir. Problem bununla bitmir. El şənlikləri azyaşlı uşaqların istismar olunduğu ən kütləvi sahələrdən birinə çevrilib.  Şadlıq evlərində əməyə cəlb olunan balaca fidanlar bundan dəfələrlə artıq yükün altına girməyə məhkum edilirlər. Əyinlərinə "mələk” qiyafəsi geyindirilən azyaşlı qız uşaqları el şənliklərində gəlinlərin ətəyindən yapışmağa, onları gül-çiçək yağışına tutmağa məcbur edilir. Bu, şadlıq evi və restoranlarda uşaq əməyi istismarının ən yumşaq formasıdır. 

Liqa sədri diqqətə çatdırıb ki, uşaqlar qanunsuz əməyə cəlb edildiyindən, iş müddətində onların başına hər hansı bir qəza gələrsə, heç kim məsuliyyət daşımır. Bu baxımdan, həm də uşaqların həyatı təhlükədədir: 

"Uşaq 15 yaşına kimi əməyə cəlb edilməməlidir, vəssalam. Ailənin sosial durumu ilə ölkənin aidiyyəti orqanları məşğul olmalıdır. Uşaq işə cəlb olunanda ilk növbədə təhsildən qalır ki, bu da gələcəkdə nadanlığın, savadsızlığın yaranması təhlükəsini yaradır. Uşaq işləyib ailəyə müəyyən qazanc versə də, bir neçə il sonra həmin işin təsiri insanın sağlamlığında özünü göstərir. Yəni uşağın işləməsi heç bir halda düzgün deyil. Valideyni başa düşmək olar, sosial vəziyyət ağırdır, ona görə azyaşlı uşağının işləməsinə icazə verir. Amma burada uşağın hüququ tapdanır. Dövlət uşağı müdafiə etməlidir, onun ailəsinin təminatını verməlidir ki, o da məcbur olub kiçik yaşında işləməsin. Ailənin iqtisadi durumunun aşağı olması uşağın günahı deyil. Burada söhbət əməkdən yox, istismardan gedir”.