Rusiya-Türkiyə müttəfiqliyinin uzun sürməyəcəyi məlum idi - ŞƏRH

“Öncədən demişdik ki, Rusiya və Türkiyə əməkdaşlığı uzun sürməyəcək”. Bunu Sherg.az-a açıqlamasında politoloq Azər Rəşidoğlu deyib. Siyasi şərhçinin sözlərinə görə, bu ölkələr aralıq müddətə əməkdaşlıq etməkdə məcbur idilər: 

“Məsələ ondadır ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Rusiyanı çökdürmək üzrə idi. Rusiyanı gözləyən ciddi tənəzzül qorxusu Putini çıxış yolları axtarmağa vadar edirdi. Rusiya artıq Avropanı qaz şantajı ilə ram edə bilmir. O cümlədən Krımın ilhaqı və Şərqi Ukraynadakı davranışları Moskvaya baha başa gəlir. Kremlin postsovet ölkələrini ilhaqla hədələməsinin bir nəticəsi olmalı idi. Baş verənlər artıq rusiyalının birbaşa cibinə təsir edirdi. Bu baxımdan Rusiya mümkün müttəfiq kimi nəzərlərini Türkiyəyə dikirdi. Rusiyanın Türkiyə və Çin ilə münasibətlərini düzəltməkdən başqa çıxış yolu yox idi. Eyni zamanda Türkiyə ilə Rusiyanın uzunmüddətli əməkdaşlığı da hər zaman problemli görünürdü”. 



Azər Rəşidoğlu: “…Hələ ki, Ankara NATO-nun bölgədəki yeganə müttəfiqidir”


A.Rəşidoğlu vurğulayıb ki, Türkiyənin ABŞ-la münasibətindəki gərginliyə baxmayaraq, hələ ki, Ankara NATO-nun bölgədəki yeganə müttəfiqidir: 

“Bu baxımdan Rusiya-Türkiyə münasibətlərinin müəyyən zaman kəsiyində nəzərdə tutulan bir əməkdaşlıq olacağı bəlli idi. Bir müddətdən sonra türklər və ruslar barışacaq, sonra yenidən savaşacaqlar. Bu, beləcə davam edəcək”.

Qeyd edək ki, Əsəd rejiminin hücumlarına reaksiya verməyən Rusiyaya qarşı Türkiyənin etirazları davam edir. Türkiyə Rusiyaya etiraz olaraq birgə patrul fəaliyyətindən imtina edib. Daha 5 türk hərbçisinin rejim tərəfindən öldürülməsindən sonra dünən keçirilməsi planlanan türk-rus birgə patrul xidməti baş tutmayıb. Türkiyə iştirakdan imtina etdiyinə görə, Rusiya patrul xidmətini tək həyata keçirib.