Pərvanə İbrahimova vəzifədən azad edildi: "Bu da son!"

Bakı dövlət Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova vəzifəsindən azad edilib.

İbrahimova bu barədə özünün “Facebook” səhifəsində yazıb.

“Bu da son!!! Taleyim Bakı Dövlət Universiteti ilə bağlananda 17 yaşım var idi. 26 ildir ki, tələbə adını qazanıb Bakıya gəldiyim gündən hər səhər bu əzəmətli universitetin darvazalarından keçmək şərəfini yaşamışam. 1994-1998-ci illərdə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər (ixtisas beynəlxalq jurnalistika) fakültəsində bakalavr, 1998-2000-ci illərdə magistratura pilləsi üzrə təhsil almışam. 2000-ci ildə Mətbuat-informasiya şöbəsinə mütəxəssis vəzifəsinə qəbul edilmişəm. Bu doğma Universitetdə doktorantura pilləsini bitirmiş, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent olmuş, pedaqoji fəaliyyətə cəlb edilmişəm. Bir 10 il (2000-2010) də Mətbuat-informasiya şöbəsində mütəxəssis, bir 10 il isə (2010-2020) şöbənin müdiri işləmişəm. Hər ikimiz 20 illiyimizdə fəaliyyətimizə son veririk. O, yeni adla, mən də pedaqoji fəaliyyətlə yola davam deyirik”. 

Qeyd edək ki, Pərvanə İbrahimova həm də universitetin Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika kafedrasında dosent vəzifəsində çalışır. O, bundan sonra da pedaqoji fəaliyyətini davam etdirəcək.