Həkimdən həyacan təbili: Hepatit C, İİV və vərəm çox yayılıb

Səhiyyə Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı Azərbaycanda tibbi təchizat sisteminin gücləndirilməsi istiqamətində əməkdaşlığını davam etdirir.

Nazirlikdən verilən məlumata görə, sonuncu çatdırılmada Hepatit C-nin müalicəsi üçün 2 növ, İİV üçün 18 növ və vərəm pasiyentləri üçün 19 növ dərman preparatları Səhiyyə Nazirliyinə təhvil verilib.

Dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” layihəsi çərçivəsində BMT-nin İnkişaf Proqramı həyata keçirir. Layihənin məqsədi həyat xilas edən bu dərmanların qənaətli, şəffaf və vaxtında alınması prosesini dəstəkləməklə Azərbaycan əhalisinə keyfiyyətli tibbi xidmət göstərilməsini təmin etməkdir.

Tibb üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı Sherg.az-a açıqlamasında bildirib ki, Hepatit C, İİV və vərəm xəstəliklərinin müalicəsi üçün istifadə olunan dərmanlar olduqca baha qiymətə satılırdı.



Şəmsiyyə Namazlı: “Hepatit C, vərəm və İİV xəsətlikləri yalnız ona yoluxanlar üçün yox, həm də ətraf üçün təhlükəli hesab olunur”


Həkimin sözlərinə görə, həmçinin bu dərmanları əldə olunması da kifayət qədər çətindir:

“Hazırda Hepatit C, İİV və vərəm xəstəlikləri çox yayılıb. Bəzən insanlar “Chek-up” müayinədən keçəndə xəstəlikdən xəbərdar olurlar. Məsələn, kimsə Hepatit C olduğunu öyrənən zaman həkimə xəbəri olmadığını bildirir. Müəyyən müddətdən sonra viruslar qaraciyərin sturuktur quruluşunda dəyişikliyə səbəb olur, pasiyent yoxlanır və xəstəliyə yoluxduğunu öyrənir. Bu xəstəliyin müalicəsi üçün olan dərmanların əldə edilməsi asan başa gəlmirdi. Hətta bəzi şəxslər dərmanları xarici ölkələrdən gətizdirirdilər”. 

Ş.Namazlı dərman təchizatının yaxşılaşdırılması üçün əməkdaşlığın davam etdirilməsini olduqca təqdirəlayiq hal hesab edir:

“Çünki, Hepatit C, vərəm və İİV xəsətlikləri yalnız ona yoluxanlar üçün yox, həm də ətraf üçün təhlükəli hesab olunur. Bu xəsətliyin müalicəsi üçün istifadə edilən dərmanlar fərqli tərkibə malikdirlər. Belə preparatlar nə qədər çox olarsa, asan əldə edilərsə, həmçinin maddi baxımdan uyğun qiymətli olarsa, bu xəstəliyin müalicəsi asanlaşar”.