Koronavirus şübhəsi: Kliniki Tibbi Mərkəzə daha bir nəfər yerləşdirildi

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərlə bağlı növbəti məlumat yayıb.

Məlumata bildirilir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha bir nəfər yerləşdirilib.

Xəstəxanaya yerləşdirilən şəxs 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. Pekindən Abu-Dabi şəhərinə, fevral ayının 12-si isə Abu-Dabidən Bakıya gəlib.

Heydər Əliyev adına Hava Limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub.

Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddəti bitdiyindən evlərinə buraxılıblar.

Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, xəstəxanada qalanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.