MSK-nın katibi: “Şikayətlər öz təsdiqini taparsa, ciddi addımlar atılacaq” - MÜSAHİBƏ



“Bu gün saat 4-də keçiriləcək iclasda müraciətlərlə bağlı müəyyən qərarlar verilə bilər. Qanun imkan verdiyi müddətdə bütün şikayətlərə ədalətlə baxılacaq və hüquqi qiymət veriləcək”



Mikayıl Rəhimov: “Şəxsən mən dəfələrlə aksiya keçirənlərə yaxınlaşdım və xahiş etdim ki, dövlət orqanlarının araşdırmasına imkan versinlər, əngəl yaratmasınlar”


Bu gün Mərkəzi Seçki Komissiyasının parlament seçkiləri ilə bağlı iclası keçiriləcək. Saat 16:00-da baş tutacaq iclasda olduqca mühüm qərarların veriləcəyi gözlənilir. İclasın müzakirə mövzusu və sosial şəbəkələrdə seçki pozuntuları ilə bağlı yayılan video-görüntülər barədə “Şərq”ə danışan MSK-nın katibi Mikayıl Rəhimov deyib ki, bugünkü iclasda parlament seçkiləri ilə bağlı daxil olan şikayətlərə qiymət veriləcək. 

MSK katibinin sözlərinə görə, ümumilikdə göndərilən bütün şikayətlər araşdırılacaq və müvafiq tədbirlər görüləcək.
 
- Mikayıl müəllim, Mərkəzi Seçki Komissiyası bütün şikayətləri, müraciətləri qəbul edirmi? 

- Seçki prosesi ilə bağlı məntəqələrdəki neqativ görüntüləri əks etdirən bütün fotolar, video-görüntülər MSK rəhbərliyi və üzvləri səviyyəsində ciddi şəkildə araşdırılır və bundan sonra da araşdırılacaq. Bugünədək aldığımız bütün müraciətlər hərtərəfli müzakirə olunub. Artıq bəzi şikayətlərlə bağlı araşdırılma aparılması üçün MSK tərəfindən göstərişlər də verilib. Proses davam edir, bütün narazılıqlar diqqətimizdədir. Deputatlığa namizəd olmuş şəxslər öz şikayətlərini bizə göndərə bilərlər. Hazırda 300-ə yaxın video var ki, tərəfimizdən araşdırılır. Əgər şikayətlər öz təsdiqini taparsa, ciddi addımlar atılacaq. Bu gün saat 4-də keçiriləcək iclasda müraciətlərlə bağlı müəyyən qərarlar verilə bilər. Qanun imkan verdiyi müddətdə bütün şikayətlərə ədalətlə baxılacaq və hüquqi qiymət veriləcək. 

- Müraciətlərin son günü kimi seçkidən sonra 3 günlük müddət nəzərdə tutulur. Yəni bundan sonra şikayətlər qəbul edilməyəcək? 

- Məsələ belədir ki, seçkidən keçən 3 gün ərzində namizədlər və ya şikayəti olan başqa şəxslər həm Dairə Seçki Komissiyasına, həm də Mərkəzi Seçki Komissiyasına müraciət edə bilərlər. Ancaq 3 gündən sonra namizədlər seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı DSK-lara müraciət edə bilməyəcəklər. Lakin DSK-nın müvafiq qərarlarından, hərəkətindən və hərəkətsizliyindən 3 gün ərzində birbaşa MSK-ya müraciət ünvanlaya bilərlər. Sonra da gözləməlidirlər ki, MSK 3 gün ərzində şikayətlərə baxsın və cavab versin. Əgər MSK-nın qərarı da namizədləri qane etməsə, o halda 3 gün ərzində Apelyasiya Məhkəməsinə müraciət edə bilərlər. Proses qanunvericliklə tam tənzimlənib. Hər bir maraqlı tərəf, istər siyasi partiya olsun, istərsə də namizəd və ya seçici olsun, prosedurlara əməl edərək öz hüququnu bərpa edə bilər. 

- Müəyyən seçki məntəqələrinin, hətta konkret bir neçə dairənin nəticələrinin ləğv oluncağı iddia edilir. Bununla bağlı MSK-da müzakirələr aparılırmı? 

- Sosial şəbəkədə bu cür fikirlər ifadə edənlər haqlı ola bilərlər. Yəni seçki ilə bağlı istənilən müzakirələr, söhbətlər gedə, iddialar ortaya atıla bilər. Amma yekunda qərar vermək hüquqi, təbii ki, Dairə Seçki komissiyalarının, Mərkəzi Seçki Komissiyasının və məhkəmə orqanlarınındır. Seçki məntəqəsindəki qanun pozuntuları ilə bağlı daxil olmuş müraciətlər bütün instansiyalarda araşdırılacaq. Hansısa DSK-da qanunvericiliyin tələblərinə uyğun olaraq məntəqələrin nəticəsi ləğv olunarsa, yaxud seçicilərin iradəsinin ifadə edilməsinin mümkünsüzlüyü ortalığa çıxarsa, o halda müvafiq qərarlar verilə, nəticələr ləğv oluna bilər. Ancaq sadəcə fikir və mülahizələrlə məsələ tənzimlənmir. 

- MSK önündə keçirilən etiraz aksiyaları Komissiyanın işinə, araşdırmalara maneçilik törədirmi? 

- Əlbəttə, bir neçə saatadək davam edən aksiya müəyyən problemlər yaratdı. Çox çalışdıq ki, etiraz edən namizədlər işimizə mane olmasınlar. Şəxsən mən dəfələrlə aksiya keçirənlərə yaxınlaşdım və xahiş etdim ki, dövlət orqanlarının araşdırmasına imkan versinlər, əngəl yaratmasınlar. Etiraz aksiyası keçirilən vaxt DSK-lardan MSK-ya müraciətlər daxil olurdu və gediş-gəliş sıx idi. 48 ərzində bütün müraciətləri qəbul etməliydik, yəni intensiv iş gedirdi. Paralel olaraq ayrı-ayrı namizədlər, digər subyektlər də Mərkəzi Seçki Komissiyasına gələrək öz şikayətlərini bildirirdilər və aksiyanı görən kimi gedib onlara qoşulurdular. Ancaq biz namizədləri dəvət edirdik və deyirdik ki, əgər kimsə həqiqətən MSK-ya müraciət niyyəti ilə gəlibsə, buyursun gəlsin və normal müzakirələr aparaq. 3 dəfə etiraz edən vətəndaşlarımızın qarşısına çıxdım və onları yenidən MSK-ya dəvət etdim. Sağ olsunlar, şikayətçilərin böyük qismi bizə yaxınlaşdı və normal qaydada mövqelərini bildirdilər. Ancaq bir qrup insanı razı sala bilmədik, görünür onlar başqa məqsəd üçün ora toplaşmışdılar. Onlar bir müddətdən sonra dağılışdılar.