Trampın reytinqi yüksəlib: Çünki Ağ Ev rəhbəri əslində…



…Sadə amerikalıların etmək istədiklərini edirdi



İlin sonunda ABŞ-da 59-cu prezident seçkiləri keçiriləcək. Maraqlıdır ki, ABŞ vətəndaşlarının əksəriyyəti Donald Trampın noyabrın 3-də keçiriləcək prezident seçkilərində qalib gələcəyinə inanır. Hətta sorğulara görə, 3 amerikalıdan 2-si Trampın qələbə qazanacağından əmindir. Məlumdur ki, ötən illər ərzində verdiyi qərarları və davranışları ilə Trampın reytinqi xeyli geriləmişdi. 

Hətta öz partiyasından belə prezidentə etiraz edənlərin sayı kifayət qədər çox idi. Bəs, son aylarda nə dəyişdi, Tramp qeyri-adi nə etdi ki, prezidentin xalq içində reytinqi yüksəlməyə başladı? 

Bununla bağlı “Şərq”ə danışan politoloq Azər Qasımov deyib ki, demokratların prezident Donald Trampa impiçment cəhdləri boşa çıxdı. Onun sözlərinə görə, Tramp Amerika siyasətini daxili məsələlər üzərində cəmləşdirdi: 



Politoloq: “Trampın amerikalılar arasında hörmətini artıran məsələ insanların yaşayış səviyyəsini daha da yüksəltməsi oldu” 


“Tramp Amerikanın prezidenti seçilən zaman hərbi və digər sahələrdə yardım fəaliyyətlərini azaldacağını və daxili inkişafa diqqət yetirəcəyini söyləmişdi. Bu vədlər onu Amerika prezidenti etməyə kifayət etdi. Bundan narahat olan Demokratlar ilk günlərdən müxtəlif bəhanələrlə Trampı “yıxmağa” çalışdılar. Seçkiyə Rusiyanın müdaxiləsindən tutmuş Ukrayna Prezidenti Vladimir Zelenski ilə olan sövdələşməyə qədər cürbəcür metodlarla impiçment məsələsini gündəmə daşıdılar. Lakin bu, nəticə vermədi. Çünki Tramp əslində sadə amerikalıların etmək istədiklərini edirdi. Məsələn, bir sıra müsəlman ölkələrinin vətəndaşlarının Amerikaya girməsini qadağan etdi. Meksika ilə sərhəddi gücləndirdi və hətta Meksikanın hesabına sərhəd boyu divar tikilməsi prosesini başlatdı”. 

Analitikin qənaətincə, Trampın amerikalılar arasında ən çox hörmətini artıran məsələ insanların yaşayış səviyyəsini daha da yüksəltmək oldu: 

“ABŞ 1950-ci illərdən bu tərəfə istər tikinti infrastrukturu, istərsə də sənaye baxımından köhnəlmişdi. Tramp NATO və BMT çərçivəsində əhəmiyyətli hesab edilən maliyyə yardımlarını daxilə yönəltməklə bir çox sahədə dirçəlişə nail oldu. Trampa Amerika daxilində dəstək qazandıran əsas hadisələrdən digəri isə İran generalı Qasım Süleymaninin qətli idi. Çünki Amerika Qüds briqadasını və SEPAH-ı terrorçu təşkilat elan etmişdi. Hesab edirəm ki, Tramp yenidən Amerika prezidenti seçiləcək. Bunu prezidentin xalq içində yüksələn reytinqi də sübut edir”.