Sığorta şirkətləri işləyirlər: Evlərin sığortalanması üçün evlərə bildirişlər göndərilir

"İcbari sığortalar haqqında" qanuna görə, daşınmaz əmlakın sığortalanması məcburidir. Bura obyektlər, inzibati binalar, yaşayış sahələri aiddir. Evlərin icbari sığortaya cəlb olunması vacib proseslərdən biridir. 

Yanğın və digər hadisələr zamanı əmlaka dəyən ziyanın böyük bir qismi  sığorta şirkətlərinin üzərinə düşür. 2020-ci il yanvarın 1-dən etibarən evlərin məcburi sığortalanması üçün ciddi nəzarət mexanizminin olacağı bildirilmişdi. Lakin bu prosesin indi hansı səviyyədə olduğu sual altındadır.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov “Şərq”ə açıqlamasında evlərin icbari sığortalanması prosesinin hələ davam etdiyini bildirib. N.İbrahimov qeyd edib ki, prosesin davam etməsinə səbəb hələ ölkəmizdə sığorta ənənəsinin tam formalaşmaması ilə bağlıdır: 



Ekspert: “Əhalidə inam yaratmaq lazımdır. İnsanlar əmin olmalıdırlar ki, mənzillərini sığortalayarlarsa, hadisə baş verən zaman problemlə rastlaşmayacaqlar”


“Çünki dövlət hər zaman bu yükü öz üzərinə götürüb deyə, həmişə dövlətə arxayın olmuşuq və əmlakımızı sığortalamaqdan yan keçmişik. Amma sığorta şirkətləri bu məsələnin üzərində işləyirlər. Mexanizmlər tam olaraq işlənmədiyi üçün sığorta tətbiq olunmayıb. Artıq sığorta şirkətləri evlərə bildirişlər göndərirlər və zaman keçdikcə bu sahədə müəyyən irəliləyişlər olacaq. Hesab edirəm ki, tempi bir az artırsalar, bu ilin sonuna qədər əhalidə evlərin sığortalanması ənənəsi tədricən formalaşar. Beləliklə insanlar əmlakını sığortalamağa meyilli olar”.

Ekspert vurğulayıb ki, evlərin icbarı sığortası ilə bağlı əhalidə inam yaratmaq da vacibdir: 

“Əhali tam olaraq inanmalıdır ki, hansısa hadisə baş verən zaman onlar problemlə rastlaşmayacaqlar. Çünki sığorta şirkətləri hadisə nəticəsində dəyən ziyanın böyük hissəsini öz üzərinə götürəcək. Bu zaman insanların inamı daha yüksək olacaq və onlar bu işə həvəsli yanaşacaqlar”.